...

Azərbaycan əsgərinə işgəncə verilməsi rəsmi qurumlar tərəfindən təkzib olunur

Siyasət Materials 8 İyul 2009 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan Müdafiə Nazirliyinin Tovuz rayonundakı N saylı hərbi hissəsinin əsgərinə işgəncə verilməsi və bu səbəbdən psixikasında problemlər yaranması barədə mətbuatda yayılan məlumatlar rəsmi qurumlar tərəfindən təkzib olunur.

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun çərşənbə günü birgə yaydığı məlumatda qeyd olunur ki, əsgər Samir Tahir oğlu Mustafayev barədə "Azadlıq" qəzetində dərc edilən material əsgərin atasının mülahizələrinə əsaslanaraq yazılıb.

Adıçəkilən rəsmi qurumlar bildirir ki, Mustafayev aprelin 17-də hərbi hissəyə qəbul olunarkən aparılan tibbi yoxlama zamanı baş və ürək ağrılarından şikayət edib. O, hospitala göndərilib və 15 gün müddətində "kəskin respirator xəstəlik" diaqnozu ilə müalicə olunub. İyun ayının 14-də Mustafayevin yanına gələn valideynləri ona bacısının toyu olacağını deyərək özləri ilə aparmaq istəyiblər. Lakin onların diqqətinə çatdırılıb ki, övladları gənc əsgər olduğu üçün ona yalnız ailə vəziyyəti ilə əlaqədar məzuniyyət verilə bilər və bunun üçün də təsdiqedici sənəd lazımdır.

Mustafayev yoldaşlarına bildirib ki, bacısının toyunda iştirakına icazə verilməsə, özünə qəsd edəcək və nizamnamədənkənar digər addımlar atacaq.

Yeməkxanada növbədə olan zaman əsgər Mustafayevə yeməkxana növbətçisinin köməkçisi kiçik çavuş Davud Mahmudov tapşırığı yerinə yetirmədiyinə görə irad tutarkən, o, çavuşa yumruq və təpiklə zərbələr endirib. Bundan sonra onlar arasında dava düşüb. Həmin gün əsgərlər növbəni qurtardıqdan sonra bölüyə qayıdıblar.

Mustafayev isə ayaqyoluna getmək adı ilə bölükdən çıxıb və ülgüclə hər iki qolunu bilək nahiyəsindən kəsərək özünə xəsarət yetirib.

İyunun 24-də isə saat 09.00 radələrində tibb xidməti kapitanı Elşad Abbasov xəstələri müayinə edərkən əsgər Mustafayevdən səhhətində hər hansı problemin olub-olmadığını soruşarkən əsgər heç bir cavab verməyib və yerdən daş götürərək kapitan Abbasovun çiyninə xəsarət yetirib. Bundan sonra əsgər Mustafayev hərbi hissə komandirinin yanına aparılıb.

Həmin gün Mustafayevin təkrar müayinə üçün hospitala göndərilməsi barədə göstəriş verillib.

Bu hadisədən sonra Mustafayev yenə özünə qəsd etmək istəyib və bu barədə hərbi hissə rəhbərliyi dərhal məlumatlandırılıb. Onunla söhbət etmək üçün Mustafayevi qərargahdakı hüquqşunasın otağına aparmaq istəyiblər. Bölük komandirinin otağından çıxan kimi o, kazarmanın daxilindəki 2-ci mərtəbənin pilləkənlərindən tullanaraq arxası üstə 1-ci mərtəbəyə düşüb. Həmin vaxt xəsarət almayıb, qərargah hüquqşunasının iş otağına girən kimi isə özünü pəncərədən atıb. O, əvvəl pəncərənin altında quraşdırılmış çardağa düşüb, sonra isə oradan özünü başıaşağı yerə tullayıb.

Nəticədə Mustafayev qapalı kəllə-beyin travması, alın nahiyəsinin, sol qaş nahiyəsinin, körpücük sümüyünün çapılmış-sıyrılmış yarası, sol bazu və saidin kəsilmiş yaraları xəsarəti ilə Mərkəzi Hərbi Klinik Hospitala köçürülüb.

Hazırda Qazax Hərbi Prokurorluğunda Mustafayev tərəfindən törədilmiş qeyri-qanuni hərəkətlər, həm də onun atasının ərizəsində göstərdiyi xüsusatlar, o cümlədən Mustafayevin hərbi xidmət dövründə qeyri-adi davranışı nəzərə alınmaqla, hərbi xidmətə çağırılarkən və indi xidmətə yararlı olub-olmaması xüsusatları üzrə araşdırma davam etdirilir.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti