...

İslam dünyası Çində baş verən hadisələrə biganə qalmamalıdır - Türkiyənin dini işlər naziri

Siyasət Materials 9 İyul 2009 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir R.Hafizoğlu /

Türkiyənin dini işlər naziri Əli Bardakoğlu İslam dünyasını və dünya ictimaiyyətini Çində baş verən hadisələrə biganə qalmamağa çağırıb.

"İslam dünyası və ümumilikdə dünya ictimaiyyəti Çində baş verən hadisələrə biganə qalmamalıdır", - Bardakoğlu Trend -a cümə axşamı Ankaradan telefonla bildirib.

Trend -un arayışı: İyilun 6-da Çinin Sinszyan-Uyğur muxtar rayonunda bazar günü başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb. İğtişaşlar bazar günü axşam saatlarında rayonun inzibati mərkəzi olan Urumçi şəhərində başlayıb. Şahidlərin verdiyi açıqlamalara görə, toqquşmalar dükanlar və avtomobillərin yandırılması, qarət halları ilə müşahidə olunub. Yerli hüquq-mühafizə orqanlarının verdiyi son məlumatlara görə, 156 nəfər həlak olub, 816 nəfər yaralanıb. Daha öncə üç mülki şəxs və bir polisin ölümü barədə məlumat verilmişdi. Urumçidə etiraz edənlər bu yaxınlarda Quandun əyalətindəki oyuncaq fabrikində işçilər arasında baş verən qarşıdurma zamanı iki uyğurun öldürülməsinə narazılıqlarını bildiriblər.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Çinin Sinszyan-Uyğur muxtar rayonunda uyğurlarla çinlilər arasında baş bermiş münaqişəyə münasibət bildirərək, uyğurlara qarşı edilən zorakılığa son qoyulmalı olduğunu bildirib. Türkiyənin bir çox əyalətlərində və böyük şəhərlərində etiraz aksiyaları keçirilməkdədir və bəzi qeyri hökumət təşkilatları Çin mallarını boykot etməyə çağırıb.

Dini işlər naziri onu da qeyd edib ki, Türkiyə Sinszyanda uyğur türklərinin vəziyyətindən çox narahatdır.

"Təəssüflər olsun ki, baş verənlərlə bağlı hər hansı bir şey etmək imkanında deyilik və hadisələri izləməklə kifayətlənirik", - o qeyd edib.

Bardakoğlu hesab edir ki, insan haqlarını müdafiə edən, iqrçilik və millətçilik əleyhinə olan beynəlxalq qurumlar da Çindəki uyğurların taleyinə biganə yanaşırlar.

"Ümid edirəm ki, dünya ictimaiyyəti və müsəlman ölkələri Çində baş verən hadisələrə qarşı öz münasibətlərini bildirəcəklər və Sinszyanda tez bir zamanda stabillik bərpa olunacaq", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti