...

İran hökuməti QHT-lərin müstəqil fəaliyyət göstərmələrini istəmir – Azad Seçkilər Komitəsinin Baş katibi (MÜSAHİBƏ)

Siyasət Materials 10 İyul 2009 09:42 (UTC +04:00)
İran hökuməti QHT-lərin müstəqil fəaliyyət göstərmələrini istəmir – Azad Seçkilər Komitəsinin Baş katibi (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir T.Cəfərov/  

Trend -un Fars redaksiyasının İran İnsan Haqları Müdafiəsi Komitəsinin mərkəzi heyətinin üzvu, Azad Seçkilər Komitəsinin Baş katibi və Prokurorluğun birinci dərəcəli vəkili Məhəmməd Seyfzadə (Mohammad Seyfzadeh) ilə müsahibəsi

- İranın Ədliyyə Nazirliyi yeni nizamnaməni təsdiqləyib. Nizamnaməyə əsasən, Vəkillər Kollegiyası Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməlidir. Sizcə, yeni nizamnamənin icrası Vəkillər Kollegiyasının müstəqilliyinə necə təsir göstərəcək?

- Təsdiq olunmuş yeni nizamnamə Vəkillər Kollegiyasının müstəqilliyini şübhə altına alır. Vəkillər Kollegiyası yeganə qurumdur ki, (tərkibinə 12000 vəkil daxildir) İranda müstəqil şəkildə fəaliyyət göstərirdi. İranın keçmiş Baş naziri doktor Məhəmməd Müsəddiq 1953-cü ildə Vəkillər Kollegiyasının müstəqilliyi ilə bağlı qanunun təsdiqlənməsinə yardım edib. Vəkillərin qanuni müdafiə hüquqlarının olmasını nəzərə alaraq Vəkillər Kollegiyası Ədliyyə Nazirliyinin tərkibindən ayrıldı və müstəqil şəkildə fəaliyyətə başladı. Dövlət Vəkillər Kollegiyasının işlərinə qarışmır və kollegiya seçki yolu ilə idarə olunurdu. Vəkillərə fəaliyyət göstərmək üçün icazənin verilməsi də kollegiya tərəfindən həyata keçirilirdi, lakin hazırda yeni nizamnamənin təsdiqlənməsi bu müstəqilliyi vəkillərin əlindən alır. 

- Sizcə, İran hökuməti hazırda hansı səbəbdən belə bir addım atıb?

- İranın hazırkı hökumətində bəzi qüvvələr var ki, ölkədə müstəqil şəkildə fəaliyyət göstərən qurumların olmasını istəmir. Xüsusilə də Vəkillər Kollegiyası kimi qurumların müstəqil fəaliyyətini istəmirlər. Çünki bu qurum 55 ildir ki, müstəqil şəkildə fəaliyyət göstərir və əhali arasında quruma inam böyükdür. Lakin Əhmədinejadın hökuməti ümumiyyətlə müstəqil qurumların fəaliyyətinə qarşı müxalifdir. Bir neçə vaxt öncə Nobel Mükafatı laureatı Şirin Ebadinin rəhbərlik etdiyi İnsan Haqları Müdafiə Komitəsinin ofisi Tehranda bağlandı. Buna oxşar digər qurumların da fəaliyyəti dayandırıldı.

- Vəkillər Kollegiyasının 12 mindən artıq üzvi var. Kollegiyanın üzvlərinin Ədliyyə Nazirliyinin yeni nizamnaməsinə raksiyası necə olacaq?

- Ədliyyə Nazirliyinin yeni nizamnaməsi Konstitusiyaya ziddir. Bu baxımdan Vəkillər Kollegiyası və birlikləri bu nizamnaməni icra etməyəcəklərini açıq şəkildə bəyan etməlidirlər. Nizamnamə Konstitusiyaya zidd olduğu üçün icrası icbari deyil. Dövlət bir neçə il öncə Vəkillər Kollegiyası çərçivəsindən kənar vəkilliklə məşğul olmaq üçün lisenziyalar verdi. Dövlətin bu addımı Vəkillər Kollegiyasının müstəqilliyinə böyük zərbə oldu. Hökumət çalışır ki, Ədliyyə Nazirliyi tərəfindən lisenziya almış vəkillərin fəaliyyətini genişləndirsin. Hökumət yavaş-yavaş müstəqil Vəkillər Kollegiyasının işini dayandırmaq niyyətindədir, birdəfəlik və dərhal bağlamaq imkanı olsaydı, bunu edərdi. İran hakimiyyəti beynəlxalq aləmdə yarana biləcək böyük səs-küydən çəkinir. Ona görə Ədliyyə Nazirliyi kənardan vəkillərə fəaliyyət göstərmək üçün icazə verir, sonra nizamnaməyə yeni maddə əlavə edir, daha sonra kollegiyanın ümumiyyətlə bağlanmasına nail olmaq istəyir. Vəkillər nizamnaməni icra etməməlidirlər.

- İnsan Haqları Müdafiəsi Komitəsinin təsisçilərindən olan Məhəmməd Əli Dadxah (Dadkhah) və Azad Seçkilər Komitəsinin rəhbəri Əbdülfəttah Sultani həbs olunub. Onlar nədə ittiham olunublar?

- Məhəmməd Əli Dadxah və Əbdülfəttah Sultani İranda İnsan Haqları Müdafiəsi Komitəsinin təsisçilərindəndirlər. Bu komitə İran İslam İnqilabından sonra ölkədə ilk qurumdur ki, beynəlxalq insan haqları konvensiyasının icrası məsələsilə məşğul olub. Komitə İranda demokratiya və insan haqlarının bərpası üçün çox işlər görüb. İndiyədək Sultaniyə və Dadxaha qarşı heç bir ittiham irəli sürülməyib. Eləcə də digər həbs olunanlara qarşı heç bir ittiham irəli sürülməyib. Sultani və Dadxah qanuna zidd şəkildə, heç bir təqsirləri olmadan həbs olunublar.

- Onların azadlığa buraxılması ilə bağlı hansısa addımlar atılıbmı?

- Hələlik onları müdafiə etmək üçün vəkil tutmağa qoymurlar. Sultani hazırda cərimə təcridxanasındadır, həbs olunduqdan sonra bir dəfə ailəsi ilə görüşməyə icazə verilib. Dadxah isə dünən axşam həbs olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:

[email protected]
Xəbər lenti

Xəbər lenti