Azərbaycan Prezidenti İlham Əliyev cümə günü "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanova telefonla zəng edib, "Qarabağ" komandasını Finlandiyanın "Honka" komandasını məğlub edərək avroliqanın 4-cü mərhələsinə çıxması münasibətilə təbrik edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Komandanın Ağdam şəhərindən olmasının və Qarabağın adını daşımasının xüsusi əhəmiyyətini vurğulayan dövlət başçısı komanda üzvlərinin tam əksəriyyətinin Azərbaycan vətəndaşlarından ibarət olmasının və məşqçinin yerli kadr olduğunun önəmini qeyd edib. Prezident "Qarabağ" komandasının əvvəlki mərhələdə də güclü futbol komandasına qalib gəldiyini vurğulayaraq bildirib ki, bütün bunlar Azərbaycanın böyük futbol potensialına malik olduğunu göstərir. Dövlət başçısı qələbə münasibətilə bütün komanda üzvlərini bir daha təbrik edib, onlara yeni qələbələr arzulayıb.
Komandanın baş məşqçisi Qurbanov təbrikə görə dövlət başçısına minnətdarlıq edib. Azərbaycan idmanına, o cümlədən "Qarabağ" futbol komandasına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə komandanın üzvləri adından minnətdarlığını bildirən baş məşqçi bu diqqət və qayğıya layiqli oyunları ilə cavab verəcəklərini bildirib.
"Qarabağ" "Honka" üzərində səfərdə 1:0, ev oyununda isə 2:1 hesabı ilə qələbə qazanıb.