Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir, /A.Hüseynbala /
Azərbaycanın müxalifət partiyası bələdiyyə seçkiləri ilə bağlı regional seçki qərargahları yaradıb.
"Partiyanın Rəyasət Heyətinin iclasında bələdiyyə seçkilərində irəli sürüləcək namizədlərin səlahiyyətli nümayəndələrinin, vəkillərin, məşvərətçilərin və müşahidəçilərin siyahılarının hazırlanması üçün mərkəzi seçki qərargahına tapşırıq verilib", - cümə günü Trend -a Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) mətbuat xidmətindən bildirilib.
Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisinin 2009-cu ilin dekabrında keçirilməsi nəzərdə tutulur. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesi nəticəsində onların sayı 2760-dan 1720-ə qədər enib.
Partiyanın sədri mərkəzi və regional seçki qərargahlarının səlahiyyətli nümayəndələrinə seçici siyahılarının yoxlanılması üçün də xüsusi göstəriş verib. Qərargah üzvləri vaxtaşırı dairə və seçki məntəqələrində seçici siayhılarının monitorinqini aparacaqlar.
"Seçici siyahılarında müəyyən anlaşılmazlıqlar aşkar edilərsə, onun aradan qaldırılması üçün Mərkəzi Seçki Komissiyasına müraciət olunacaq", - məlumatda qeyd edilir.
АLDP 1999-cı ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh Ibadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]