Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir C.Babayeva/
Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) fəaliyyəti ölkələr arasında səmərəli siyasi dialoq üçün geniş imkanlar yaradacaq, bu barədə Assambleyanın plenar iclasında Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov bildirib.
"TürkPA regionda əmin-amanlığın yaranmasına xidmər edir. Regionda həyata keçirilən böyük iqtisadi layihələr xalqların inkişafına xidmət edir", - Əsədov bildirib.
Çərşənbə axşamı Bakıda Azərbaycan Milli Məclisinin, Qazaxıstan Respublikası Parlamentinin, Qırğızıstan Joqorku Keneşinin və Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti üzvlərinin iştirakı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyasının plenar iclası keçirilir.
Əsədovun sözlərinə əsasən, Ermənistan-Azərbaycan münaqişəsi regionda stabilliyin bərqərar olmasına mane olur.
"Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təkcə Azərbaycanın inkişafını ləngitmir, eyni zamanda regionda və dünyada təhlükəsizliyi və stabilliyi təhlükə altına qoyur. Azərbaycan bu münaqişəni beynəlxalq hüquq və prinsiplər, həmçinin ərazi bötüvlüyü çərçivəsində həll etməyə çalışır", - Azərbaycanın Parlamentinin spikeri bildirib.
"Regionda sülhün və stabilliyin bərqərar olması burada yaşayan xalqların maraq dairəsindədir", - Əsədov bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.