...

Azərbaycan müxalifətinin daxilində böhran yaranıb - baş redaktor

Siyasət Materials 7 Oktyabr 2009 13:54 (UTC +04:00)
“Təəssüf ki, bu böhran seçkilər ərəfəsində baş qaldırıb. Böhran bir qədər əvvəl yaransaydı, hansısa yeni qruplar ortaya çıxa bilərdi, indi isə tam əksinə proseslər gedir və yeni formalaşan, bir neçə ay ərzində müttəfiqlik edən təşkilatların qarşılıqlı münasibətlərinə yenidən baxmağa ehtiyac yaranıb”, - çərşənbə günü Trend News-a “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət qəzetinin baş redaktoru müxalifət daxilində növbəti böhran yarandığını düşünür.

"Təəssüf ki, bu böhran seçkilər ərəfəsində baş qaldırıb. Böhran bir qədər əvvəl yaransaydı, hansısa yeni qruplar ortaya çıxa bilərdi, indi isə tam əksinə proseslər gedir və yeni formalaşan, bir neçə ay ərzində müttəfiqlik edən təşkilatların qarşılıqlı münasibətlərinə yenidən baxmağa ehtiyac yaranıb", - çərşənbə günü Trend -a "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.

Trend -un arayışı: "Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları 2009-cu il martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum ərəfəsi təsis ediblər.

Arifoğlunun sözlərinə görə, müxalifət daxilində yaranan böhran bələdiyyə seçkilərinə hazırlığa mane olur.

"Bunun nəticəsində istənilən halda müxalifətin şansları azalır. Mənim müşahidəmə görə, müxalifət düşərgəsində bələdiyyə seçkilərinə ciddi və həvəsli hazırlıq da getmir. Bunun əsas səbəblərindən biri isə bələdiyyə seçkilərinin prinsipial seçki sayılmamasıdır. Çünki bələdiyyələrin səlahiyyətləri qeryi-rəsmi şəkildə icra hakimiyyətləri tərəfindən mənimsənilib", - baş redaktor əlavə edib.

Müxalifətin ölkədə baş verən siyasi proseslərə təsir edə bilməməsinə görə yeni müxalif qüvvələrin yaranmasının mümkünlüyünə gəldikdə, baş redaktor deyib ki, yeni qüvvələrin ortaya çıxmasına Azərbaycanda heç kim maneçilk törətmir.

"Meydan müəyyən mənada boşdur. Mən isə indiki situasiyada hər hansı siyasi təşkilat yaratmaq niyyətində deyiləm. Əsas məqsədim "Yeni Müsavat" qəzetini qorumaq, liderliyini saxlamaq və inkişaf etdirməkdir", - Arifoğlu əlavə edib.

Onun fikrincə, qarşıdan gələn illərdə vəziyyətin dəyişəcəyi də istisna olunmur. "Mən hər halda siyasi kimliyi və siyasi maraqları olan bir şəxsəm. Ona görə tamamilə mümkündür ki, gələn illərdə hədəflərim və maraqlarım ortaya çıxsın. Amma hələ ki, Müsavat Partiyasının fəal üzvü olaraq qalıram, bu partiyanın bərpa prosesində iştirak edən adamlardan biri kimi azarkeşlik edirəm, dəstək verməyə çalışıram və istənilən situasiyada bu partiyanın tərəfini tutmağı özümə mənəvi borc bilirəm", - baş redaktor vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti