Azərbaycan, Bakı, 9 oktyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanda müxalifət daxilində hər seçkiöncəsi yaranan problemlər və narazılıqlar partiya rəhbərləri tərəfindən birmənalı izah edilmir.
Müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cümə günü Trend -a bildirib ki, hər dəfə bu cür problemlər Müsavat Partiyası tərəfindən yaradılır.
"Müsavat Partiyasının son illər müxalifətin yaranan birliklərinin dağılmasındakı fəaliyyəti siyasi texnologiyadır. Bu, çox səhv texnologiyadır. Bir partiya ilə müəyyən müddət birgə mübarizə aparıb sonra həmin təşkilata qarşı kampaniya aparılması düzgün deyil. Vaxtilə bizim partiyanı "Azadlıq" blokundan məhz bu qaydada çıxarıblar. Bizim indi kiminləsə birləşib, hansısa partiyanı hərəkatdan uzaqlaşdırmaq prosesində iştirakımız mümkün deyil", - ADP sədri qeyd edib.
Onun sözlərinə görə, bu cür taktika ilə hərəkət etmək Azərbaycanda demokratiyanın ən böyük qüsurlarından biridir.
"Siyasi və mədəni səviyyə çox aşağı olduğuna, demokratik dəyərlərə sadiqlik olmadığına, fərdi maraqlar milli maraqları üstələdiyinə görə müxalifət bu vəziyyətdədir. Müsavat Partiyası tərəfindən bu cür problemin niyə yaradıldığını, mən sadəcə başa düşə bilmirəm. Həm Müsavat, həm də Ümid partiyalarının irəli sürdükləri şərtlər ümumi maraqlara uyğundur. Amma ümumi maraqlara uyğun olmasını əsas gətirərək qəti şərtlərin irəli sürülməsi ümumi işimizə xələl gətirir. Əgər şərtləri hər iki partiya qəbul etmirsə və nəticədə onlardan birinin hərəkatdan uzaqlaşmasının ümumi işə hansı xeyiri dəyəcək", - partiya sədri əlavə edib.
Onun fikrincə, müxalifət onsuz da kifayət qədər güclü deyil, cəmiyyətin fəallığı aşağı səviyyədədir, beynəlxalq ictimaiyyətin müxalifətlə bağlı fikirləri birmənalı deyil. "Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bir yerdə olmağa çalışmalıyıq", - o deyib.
"Müxalifətin zəifləməsində və hakimiyyətin güclənməsində müxalifətin hərəkətlərindəki müəyyən qüsurların da təsiri olur", - cümə günü Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Vətəndaş və İnkişaf Partiyasın (VİP) sədri Əli Əliyev bildirib.
Əliyevin sözlərinə görə, hərəkat daxilində yaranan böhran ümumi məqsədlərə ciddi ziyan vura bilər. "Biz çalışırıq ki, böhran daha da kəskinləşməsin, problemi hərəkat daxilindəki müzakirələr zamanı həll edək", - VİP sədri əlavə edib.
Onun fikrincə, altı partiyanın birgə fəaliyyətinin uğurlu olması referendum zamanı artıq sınaqdan çıxıb. "Bu səbəbdən həmin formatı qoruyub saxlamaq zəruridir. Biz əksinə, indi gücümüzü artırmaq, sıralarımızı genişləndirmək haqqında düşünməliyik", - Əliyev vurğulayıb.
VİP sədri deyib ki, hər bir partiya üçün ictimai maraqlar şəxsi maraqlardan yuxarıda durmalıdır.
"İctimai maraqlar isə müxalifətin daha da güclənməsini tələb edir", - Əliyev qeyd edib.
"Müsavat Partiyası seçki komissiyalarının paritet əsasda yenidən təşkil olunması təklifi ilə çıxış etdiyindən, Ümid Pariyasının üzvlərinin komissiyalardan geri çağırılması ilə bağlı irəli sürdüyümüz şərtin yerinə yetirilməsi zəruridir", - cümə günü Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib.
"Bizim təklifimiz ondan ibarətdir ki, birgə fəaliyyətimizi davam etdirmək və daha da güclənmək üçün Ümid Partiyası prinsipial mövqeyini ortaya qoymalıdır", - Müsavat funksioneri əlavə edib.
Onun sözlərinə görə, Ümid Partiyası onların şətrlərinin yerinə yetirərsə, bu zaman müxalifətin seçki komissiyalarında iştirak etmədiyi tam təsdiqlənəcək.
Referendum ərəfəsi hərəkat təsis edilərkən bu tələbin niyə irəli sürülməməsinə gəldikdə, Əkbər deyib ki, o zaman vaxtın məhdud olması buna imkan vermirdi. "Həmin dövrdə təklifi irəli sürsəydik, bizi referenduma qarşı birgə mübarizəni pozmaqda qınaya bilərdilər. Gələn il parlament seçkilərinin keçiriləcəyini də nəzərə alsaq, komissiyaların tərkibi ilə bağlı müxalifətin ümumi mövqeyinin indidən formalaşması olduqca zəruridir", - Məclis sədri vurğulayıb.
Trend -un arayışı: "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Müsavat Partiyası Ümid Partiyasının seçki komissiyalarındakı üzvlərinin geri çağırılmasını tələb edir. Ümid Partiyası isə Müsavat deputat qrupunun üzvləri mandatlarından imtina edəcəyi təqdirdə tələbin yerinə yetirələcəyini bəyan edib. Hər iki partiya arasında yaranan bu gərginlik hərəkat daxilində ciddi böhrana səbəb olub.
"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları 2009-cu il martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum ərəfəsi təsis ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]