A zərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir A..Hüseynbala/
Azərbaycanın müxalifət partiyası bələdiyyələrin 60 faizindən çoxuna namizəd irəli sürəcək.
"Partiyanın bütün rayon və şəhər bəşkilatları müvafiq dairə seçki komissiyalarında namizədlərin qeydə alınması üçün müraciət ediblər", - cümə günü Trend -a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.
Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Mirzəbəylinin sözlərinə görə, bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürüləcək partiya üzvlərinin sayı isə 1700 nəfərdən çox olacaq. Seçki kampaniyası zamanı başqa partiyalarla əməkdaşlığa gəldikdə, partiya sədrinin müavini qeyd edib ki, artıq bu mümkün deyil. "Amma müttəfiq partiyalarla başqa formada əməkdaşlığımız baş tuta bilər. Qarşılıqlı razılaşma əsasında bizim partiyanın namizədi irəli sürülməyən bələdiyyələrdə başqa partiyanın namizədini dəstəkləyə bilərik", - Mirzəbəyli əlavə edib.
Qüdrət Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq və özlərinin "birləşdirici" qurultayını keçiriblər və 2004-cü ilə qədər AXCP-nin "Birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir. Həsənquliyev Milli Məclisin deputatıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]