Red.: Sonuncu abzasdan sonra digər azərbaycanlı millət vəkillərinin fikirləri əlavə olunub.
Türkiyə, Ankara, 16 oktyabr / Trend , müxbir Y.Əliyev/
Azərbaycanlı millət vəkilləri Türkiyəyə səfəri zamanı keçirdikləri görüşləri konstruktiv sayıblar.
"Azərbaycan Türkiyə əlaqələri üçün bu səfər çox konstruktiv olub", - Trend -un məlumatına görə, Ankarada səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycan Parıamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti Səməd Seyidov bildirib.
Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.
Azərbaycan Milli Məclisinin üzvlərindən - Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Əkrəm Abdullayev, Gültəkin Hacıbəyli, Asəf Hacıyev, Rövşən Rzayev və Fəzail Ağamalı mövcud vəziyyəti daha dərindən öyrənmək məqsədilə Ankarada bir sıra görüşlər keçiriblər.
Parlamentinin komitə sədrinin sözlərinə görə, bu səfər aradakı mühüm məsələlərin aydınlaşdırılması baxımından da çox mühüm olub.
"Məqsədimiz Ankara-Yerevan protokollarına etiraz deyil, Türkiyəyə Azərbaycan tərəfinin bu məsələdən narahat olduqlarını çatdırmaq və bu əlaqələrin doğura biləcək nəticələrini bildirmək idi", - deyə o bildirib.
Seyidov onu da qeyd edib ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirilən görüş zamanı Baş nazir azərbaycanlı millət vəkillərinə konkret narahatlığa heç bir əsas olmadığını bildirib.
"Ərdoğanla görüşümüz zamanı Baş nazir Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad edilməyənə qədər protokolların təsdiq edilməyəcəyini bildirib", - deyə Seyidov qeyd edib.
Seyidovun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüş zamanı da Mehmet Ali Şahin də Azərbaycanın maraqlarına zidd sənədin ölkə Parlamentində təsdiq edilməyəcəyini bildirib.
Azərbaycanın müxalifətyönlü Bütöv Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquluyev bildirib ki,əgər Türkiyə Böyük Millət Məclisi protokolları təsdiq etsə, Ermənistanı bir dost kimi qazana bilər, ancaq Azərbaycanı itirəcək.
"Azərbaycan PKK terror təşkilatı ilə əlaqə qursaydı, Türkiyə bunu necə qəbul edərdi. Ermənistanın Azərbaycana vurduğu zərər, PKK terror təşkilatının törətdiklərindən dəfələrlə artıqdır" Həsənquliyev deyib.
Azərbaycanın iqtidaryönlü Ana Vətən Partiyasının (AVP) sədr, deputat Fəzail Ağamalı isə deyib ki, protokollar Türkiyə Parlamentində təsdiq olunarsa, Azərbaycanın Türkiyə ilə dostluq, qardaşlıq və strateji əməkdaşlığı bitəcək və Türkiyə Azərbaycan üçün adi qonşlardan birinə çevriləcək
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]