Oktyabrın 19-da İsveçrədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanın və İsveçrənin dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi İsveçrə Prezidenti Hans-Rudolf Merts qarşılayıb.
İsveçrənin dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri İsveçrə Prezidentinə təqdim olunub.
Hərbi orkestrin ifasında Azərbaycanın və İsveçrənin dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.