...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika daşınması ilə məşğul olan şəxslər zərərsizləşdirilib

Siyasət Materials 19 Noyabr 2009 15:38 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən cümə axşamı Trend News-a verilən məlumata görə, həmin şəxslərdən 104 kiloqramdan artıq narkotik vasitə akşar edilərək götürülüb.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika daşınması ilə məşğul olan şəxslər zərərsizləşdirilib

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika daşınması ilə məşğul olan şəxslər zərərsizləşdirilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən cümə axşamı Trend -a verilən məlumata görə, həmin şəxslərdən 104 kiloqramdan artıq narkotik vasitə akşar edilərək götürülüb.

Azərbaycan vətəndaşı Şamil Əzizəliyev, hazırda şəxsiyyətləri istintaqla araşıdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.

Müəyyən edilib ki, Əzizəliyevlə əvvəlcədən əldə olunmuş razılığa əsasən İran vətəndaşları satış məqsədi ilə təxminən 62 kiloqram həşişi və 800 qrama yaxın heroini qaçaq yolla İrandan Cəlilabad rayonu istiqamətində keçirib Mikayıllı kəndinə gətirərək Əzizəliyevə təhvil veriblər. Sonuncu da həmin narkotik vasitələri yaşadığı Mikayıllı kəndindəki evinin zirzəmisində gizlədib və sonradan həmin iranlıların deyəcəyi şəxsə çatdırması üçün onların tapşırığını gözləyib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Əzizəliyev yaxalanmış və onun yaşadığı Mikayıllı kəndindəki evinə keçirilmiş baxış zamanı həmin narkotik vasitələr aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması üzrə daha bir cəhdin qarşısı alınıb.

Belə ki, Azərbaycan vətəndaşı Rauf Məmmədov, habelə hazırda şəxsiyyəti istintaqla araşıdırılan İran vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.

Məlum olub ki, əvvəlcədən əldə edilmiş razılığa əsasən, Məmmədovun sifarişi əsasında İran vətəndaşı satış məqsədi ilə narkotik vasitə olan həşişi qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirərək ona çatdırmışdır. Məmmədov həmin narkotik vasitələri gizlətmək istəyərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Keçirilmiş baxış zamanı 41 kiloqram 710 qram həşiş aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işləri başlanılıb.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti