...

Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı kampaniyanın ilkin mərhələsi uğurla başa çatıb - hakim partiyanın sədr müavini

Siyasət Materials 20 Noyabr 2009 10:39 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) bəyan edib ki, seçki kampaniyasının ilkin mərhələsi uğurla başa çatıb.
Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı kampaniyanın ilkin mərhələsi uğurla başa çatıb - hakim partiyanın sədr müavini

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bəyan edib ki, seçki kampaniyasının ilkin mərhələsi uğurla başa çatıb.

"YAP bu seçki kampaniyasının ilkin mərhələsini uğurla başa çatdırıb. Bu günlərdə Mərkəzi Seçki Komissiyası dairələrdə bələdiyyələrə irəli sürülən namizədlərin qeydə alınması ilə bağlı məlumatları və nəticələri açıqlayacaq. Bir qədər qabağa gedərək qeyd etmək istəyirəm ki, YAP-ın bələdiyyələrə irəli sürdüyü namizədlərin sayı 15637 nəfərdir. Bunların hamısı qeydiyyatdan keçiblər və yəqin ki, YAP bələdiyyə seçkilərində partiya kimi iştirak edən yeganə siyasi təşkilat olacaq", - Trend -un məlumatına görə, bunu cümə günü partiyanın rəsmi saytına YAP sədrinin müavini, icraçı katib, deputat Əli Əhmədov bildirib.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.

Əhmədovun sözlərinə görə, bələdiyyə seçkilərində namizədlərini irəli sürmüş digər partiyalar olsa da, seçki kampaniyasının ilkin nəticələri belə bir qənaəti formalaşdırır ki, bu qədər sayda namizəd irəli sürərək seçkidə partiya şəklində iştirak etmək hüququna sahib ola biləcək yeganə siyasi təşkilat YAP olacaq.

"İnanırıq ki, pariyamızın irəli sürdüyü namizədlərin böyük bir hissəsi uğurlu təşviqat kampaniyası apararaq bələdiyyələrdə YAP-ı təmsil etmək hüququna sahib olacaqlar. 2004-cü ilin bələdiyyə seçkilərinin nəticələrinə görə, YAP üzvləri Azərbaycan bələdiyyələrində 60 faizlik bir həddə təmsil olundular. Sonradan heç bir partiyaya aid olmayan bələdiyyə üzvlərinin bir hissəsinin YAP-a daxil olması nəticəsində bələdiyyələrdə təmsil olunan üzvlərimizin sayı 64 faizə yüksəldi", - hakim partiyanın sədr müavini əlavə edib.

Əhmədov bildirib ki, YAP əvvəlki seçki uğurlarını indi də inamla davam etdirməyə həm israrlı, həm də qadirdir.

"Düşünürük ki, 2009-cu ilin bələdiyyə seçkilərinin nəticələrinə görə, bələdiyyələrdə malik olduğumuz təmsilçilik səviyyəsi hazırki səviyyədən az olmayacaq. Bunu əminliklə söyləməyə kifayət qədər əsaslar var. YAP-ın bu seçkini də qələbə ilə başa vuracağına ilk növbədə Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasətinin nəticələri əsas yaradır. Digər tərəfdən, YAP-ın resurslarının kifayət qədər geniş olması, eləcə də partiyamızın malik olduğu yüksək ictimai dəstək, ölkənin siyasi arenasındakı nüfuzu və irəli sürdüyü namizədlərin layiqli vətəndaşlar olması da bu qəti fikri söyləməyə əsas yaradır ki, YAP 2009-cu ilin bələdiyyə seçkiləri nəticəsində Azərbaycanın bələdiyyələrində yüksək dərəcədə təmsil olunacaq! Biz buna inanırıq və bu inamımızın gerçəyə çevrilməsi üçün ciddi siyasi təşviqat aparacağıq", - deputat deyib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti