Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonuna gəlib, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Ölkəmizin iqtisadi potensialı artdıqca regionlarımız da abadlaşır, hərtərəfli tərəqqi dövrünə qədəm qoyur. Bu inkişaf və tərəqqi Goranboyun simasında da hiss olunur. Rayonda tikinti-quruculuq işlərinin həcmi genişlənib. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yaşayış məntəqələrində bu sahədə işlərin aparılmasına daha çox diqqət ayrılmışdır. Son illərdə Goranboyun iqtisadiyyatında ciddi artım əldə olunub.
Şəhərin bütün küçələrinə asfalt örtüyü salınıb, kəndlərarası yollar təmir edilib. Rayonda sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması daim diqqətdə saxlanılıb.
Bu ilin 9 ayında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır. Həmin müddətdə rayonda ümumi məhsul buraxılışı 5,7 milyon manat artaraq 112 milyon manata, adambaşına düşən gəlirlər isə 1157 manata çatıb. Orta aylıq əmək haqqı 185 manatdan çox, adambaşına düşən gəlirlər isə 1164 manat olub.
Rayonda səhiyyə və təhsil sektorunun inkişafı diqqətdə saxlanılmış, müasir məktəb binaları və tibb ocaqları tikilmişdir. Bu işlər uğurla davam etdirilir.
Prezident İlham Əliyev şəhərin mərkəzində salınmış Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlətimizin başçısı parkı gəzib, görülmüş abadlıq işləri ilə tanış olub.
Burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüş olub. Prezident İlham Əliyev rayon ictimaiyyətinin qarşısında çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]