...

Azərbaycanda havanın normal keçməsi exit-poll tədqiqatının aparılmasına müsbət təsir göstərir - "ELS" Mərkəzinin rəhbəri

Siyasət Materials 23 Dekabr 2009 14:52 (UTC +04:00)
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova çərşənbə günü Trend News-a bildirib ki, exit poll üzrə seçici fəallığı gözləniləndən də yüksəkdir.
Azərbaycanda havanın normal keçməsi exit-poll tədqiqatının aparılmasına müsbət təsir göstərir - "ELS" Mərkəzinin rəhbəri

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir Ş.Cavadsoy/

Azərbaycanda havanın normal keçməsi bələdiyyə seçkisi ilə bağlı exit-poll tədqiqatının aparılmasına müsbət təsir göstərir.

"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova çərşənbə günü Trend -a bildirib ki,exit-poll üzrə seçici fəallığı gözləniləndən də yüksəkdir.

"Sözün düzü, exit-poll tədqiqatının hazırlıq mərhələsinə başlayarkən, bir ay öncədən hava proqnozunu hər gün izləyirdik. Bugün havanın xoş olması bizim intervüerlərin normal fəaliyyətinə heç bir maneə yaratmır. Digər tərəfdən, səhərdən başlayaraq məntəqələrədə seçici fəallığın olması deməyə əsas verir ki, tədqiqatımızı uğurla davam etdirəcəyik", - Yaqubova əlavə edib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və "ELS" müstəqil araşdırmalar mərkəzi dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində exit-poll təhqiqatını həyata keçirir.

Təhqiqat 8 bələdiyyə ərazisində - Bakı şəhərində - Xətai, Səbail, Nərimanov, Nəsimi bələdiyyələri, Abşeron rayonunda Xırdalan bələdiyyəsi Gəncə şəhərində Nizami bələdiyyəsi, Xaçmaz bələdiyyəsi və Şirvan bələdiyyəsi ərazisində keçirilir. Bu bələdiyyələr ümumilikdə 17 dairəni əhatə edir. Hər bələdiyyədə müəyyən məntəqələr seçilib və exit poll tədqiqatı beynəlxalq səviyyədə qəbul olunmuş metodologiyayalara uyğun bir şəkildə həyata keçirilir.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti