Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir Ü.Sadıxova/
Azərbaycan tarixi, dini, mədəni və iqtisadi əlaqələri olan ərəb və İslam ölkələri ilə bütün sahələrdə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Bu barədə Azərbaycanın Suriya və Livandakı səfiri Mahir Əliyev "al-Hawadeth" ərəb həftəlik qəzetinə müsahibəsində deyib.
Səfir Əliyevin sözlərinə görə, ərəb-Azərbaycan münasibətlərinin inkişafına misal olaraq, Suriya Prezidenti Bəşşar əl Əsədin 2009-cu il iyul ayında Bakıya səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrə dair 19 müqavilənin imzalanmasını, 2010-cu ildə Azərbaycanda Suriya səfirliyinin açılması barədə danışıqların aparılmasını, həmçinin Azərbaycanın Livan, Liviya və Oman Sultanlığında diplomatik nümayəndəlik açmaq barədə qərarını göstərmək olar.
"Eyni zamanda, Azərbaycan hər iki tərəfdə mövcud olan problemlər üzrə ərəb ölkələri ilə daimi qarşılıqlı dəstəyi təsdiqləyir", - səfir deyib.
Əliyevin sözlərinə görə, Livanla əlaqələrin inkişafına gəlincə, Azərbaycan əmindir ki, Bakı və Beyrut arasındakı iqtisadi və mədəni əlaqələrin inkişaf perspektivləri də daxil olmaqla, ölkəni parlaq gələcək gözləyir.
"Azərbaycan Livanın qarşılaşacağı problemlərin həllində Livanı regional və beynəlxalq səviyyədə həmişə dəstəkləyəcək. Azərbaycan ümid edir ki, yeni hökumət stabilliyi bərqərar edə biləcək", - səfir deyib.
Ərəb qəzetinə müsahibədə, həmçinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Azərbaycanın xarici siyasət kursu, qonşu ölkələrlə əməkdaşlığın genişləndirilməsi, Qafqazda təhlükəsizliyin və stabilliyin möhkəmləndirilməsi, həmçinin Qafqaz regionunun nüvə silahından sərbəst əraziyə çevrilməsi, Aİ və NATO ilə əməkdaşlıq və Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə iştirakı məsələlərinə toxunulub.