...

Ankara Qafqazla bağlı siyasətinə yenidən baxmalıdır - Türkiyənin sabiq energetika naziri

Siyasət Materials 19 Yanvar 2010 11:39 (UTC +04:00)
Türkiyənin sabiq energetika və təbii sərvətlər naziri Recai Kutan bildirib ki, Qafqaz Türkiyə üçün tarixi və strateji baxımdan daha önəmli olduğu üçün Ankara bu regionla bağlı siyasətini yenidən nəzərdən keçirməlidir.
Ankara Qafqazla bağlı siyasətinə yenidən baxmalıdır - Türkiyənin sabiq energetika naziri

Türkiyə, İstanbul, 19 yanvar / Trend , müxbir H.Altınalan/

Türkiyənin sabiq energetika və təbii sərvətlər naziri  Recai Kutan bildirib ki, Qafqaz Türkiyə üçün tarixi və strateji baxımdan daha önəmli olduğu üçün Ankara bu regionla bağlı siyasətini yenidən nəzərdən keçirməlidir.

"Ankara Qafqazla bağlı siyasətini yenidən nəzərdən keçirməli və bu regiona daha çox önəm verməlidir", - deyə Kutan Trend -a bildirib.

Trend -un arayışı: 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd DavudoğluEdvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Kutanın sözlərinə görə, Ankara-Yerevan protokollarını parlaq gələcək gözləmir.

"Regionda stabilliyin olması və Ankara-Yerevan protokollarının qüvvəyə minməsi üçün Ermənistan, ilk növbədə, işğal etdiyi bütün Azərbaycan torpaqlarını azad etməlidir. Lakin ermənilərin bunu asanlıqla edəcəkləri də inandırıcı deyil", - deyə Kutan bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara azərbaycanlı qardaşlarını məyus edəcək hər hansı bir addımdan çəkinməlidir və bu, Türkiyə üçün prioritet məsələlərdən biri olmalıdır.

Kutan təəssüflə qeyd edib ki, Türkiyə bəzi məsələlərdə azərbaycanlı qardaşlarını məyus edəcək səhvlərə yol verib.

"Rəsmi Ankaranın xarici siyasətini həqiqətən də Avropa və ABŞ-dan asılı bir şəkildə yürütməməsinə inanmaq istərdim. Lakin bunu əməldə də sübut etmək lazımdır", - Kutan bildirib.

Sürixdə keçən il imzalanan Ankara-Yerevan protokollarına münasibət bildirən Kutan qeyd edib ki, imzalanan protokollar erməni tərəfinə daha çox güzəşt tələb etmək fürsəti verir. Belə ki, Ermənistan protokolların imzalanmasından sonra üzərinə düşdüyü və əvvəlcədən razılaşdırılmış öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti