Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi ilə əlaqədar həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən hərbi hissənin vəzifəli şəxsləri - divizion komandirinin müavini mayor Vələd Qurbanov və tağım komandiri baş leytenant Rüstəm Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və barələrində hərbi məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib. AzərTAc dövlət agentliyinə Baş prokuror Zakir Qaralov bildirib.
"2010-cu il yanvarın 28-də tabeçilikdə olan tağım əsgərlərinə təmizləmələri üçün silahlar paylandıqdan sonra onların mühafizəsini təşkil etməyərək əsgərləri nəzarətsiz qoymaqla divizionun ərazisini tərk etmələrinə şərait yaratdıqları, habelə hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı digər sui-istifadə hallarına yol vermələri müəyyən edildiyinə görə, həmin şəxslər məsuliyyətə cəlb olunublar", - Qaralov əlavə edib.
Qaralov deyib ki, hadisə barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal məlumatlandırılıb və dövlətimizin başçısının göstərişinə əsasən Müdafiə və Milli Təhlükəsizlik Nazirlikləri, Respublika Hərbi Prokurorluğunun rəhbər heyətinə daxil olan məsul şəxslər, habelə yüksək ixtisaslı mütəxəssislər hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam olunublar.
Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla, Respublika Hərbi Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin icrasına başlanmışdır. Həmin tədbirlər bu gün də eyni intensivliklə davam etdirilir.
Baş Prokurorluq bəyan edib ki, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədlərinə xidmət etməklə müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük işlərə kölgə salmağa yönəlmiş bu cür qərəzli və obyektiv reallığa əsaslanmayan fikirlərin kütləvi informasiya vasitələrində yayılması yolverilməzdir və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.