...

Bakıda hakimiyyət nümayəndələrinə zor tətbiq etmək istəyən dindarlar saxlanılıblar - prokurorluq

Siyasət Materials 14 Fevral 2010 22:30 (UTC +04:00)
Azərbaycan paytaxtında hakimiyyət nümayəndələrinə zor tətbiq etmək istəyən dindarlar şübhəli şəxs qismində saxlanılıblar.
Bakıda hakimiyyət nümayəndələrinə zor tətbiq etmək istəyən dindarlar saxlanılıblar - prokurorluq

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan
paytaxtında hakimiyyət nümayəndələrinə zor tətbiq etmək istəyən dindarlar şübhəli şəxs qismində saxlanılıblar.

Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin bazar günün yaydığı birgə məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində icazəsiz yürüş keçirmək istəyən və hakimiyyət nümayəndələrinə zor tətbiq edən dörd nəfər Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan cinayət hərəkətləri törətməkdə şübhəli şəxs qismində saxlanılıb, yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati həbs seçilib, beş nəfər inzibati qaydada cərimələnmiş, iki nəfərə isə xəbərdarlıq edilib.

Fevralın 13-də saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov və Salatın Əsgərova küçələrinin kəsişdiyi ünvanda yerləşən Hacı Sultanəli məscidindən ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət bir qrup şəxs özləri ilə götürdükləri, üzərində dini sözlər yazılmış şüarlar və əvvəlcədən hazırlanmış gül çələngi ilə icra hakimiyyəti orqanlarını xəbərdar etmədən və müvafiq icazə almadan Füzuli meydanı istiqamətində piyadaların və nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi H.Hacıyev küçəsi ilə Şəhidlər Xiyabını istiqamətində qanunsuz yürüş etməyə cəhd göstəriblər.

Birgə məlumatda bildirilib ki, icazəsiz yürüşün qarşısını almaq və ictimai asayişin qorunmasını təmin etmək məqsədilə həmin ünvana gəlmiş Yasamal Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən yürüş iştirakçılarına yol verdikləri hərəkətlərin qanunsuz olması izah edilməsinə baxmayaraq, onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, ictimai qaydanı kobud surətdə pozaraq, N.Nərimanov küçəsində nəqliyyatın normal fəaliyyətinə mane olub, xidməti vəzifələrini yerinə yetirən Yasamal və Səbail rayon polis idarələrinin əməkdaşlarını daş və əllərində olan şüarların ağac hissəsi ilə vuraraq hakimiyyət numayəndələrinə qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstəriblər.

Nəticədə polis əməkdaşlarından Hüseynov Sərvər Hüseyn oğlu, Şirinov Teymur Qeybulla oğlu, Abbasov Elşən Orucəli oğlu, Əhmədli Ramil Eldar oğlu, Yusifov Ceyhun Firudun oğlu, eyni zamanda yürüş iştirakçılarından bir neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Həmin fakta görə fevralın 13-də Yasamal rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi, həmçinin, onu törətmiş şəxslərin dairəsinin tam dəqiqləşdirilməklə istintaqa cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti