...

Livan Yaxın Şərq probleminin həll edilməsində dost ölkələrin səylərini dəstəkləyir – XİN rəhbəri Əli Hüseyn əl-Şami (MÜSAHİBƏ)

Siyasət Materials 17 Fevral 2010 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir Ü.Sadıxova/

Trend -un Yaxın Şərq redaksiyasının Livan xarici işlər naziri Əli Hüseyn əl-Şami ilə müsahibəsi

- Livanın Baş naziri Səd əl-Həririnin bu il Azərbaycana səfəri planlaşdırılır. Bu səfər ölkələr arasındakı ikitərəfli əlaqələrin inkişafını necə dəyişəcək? Sizin tərəfdən hansı səfərlər planlaşdırılır, Azərbaycanla iqtisadi və siyasi sahələrdə əlaqələrin inkişafına dair Beyrutun gələcəkdə nə kimi addımları olacaq?

- Livanın xarici işlər naziri vəzifəyə gəldiyi gündən ölkənin rolunun gücləndirilməsinə dair ümumi dövlət siyasəti çərçivəsində, xüsusən də ölkənin 2010-2011-ci illər üzrə BMT Təhlükəsizlik Şurasına üzv seçildiyi dövrdə Livanın diplomatik və konsulluq əlaqələrini dəstəklədiyi bir sıra ölkələrə səfər edib.

Xarici işlər və miqrasiya məsələləri üzrə naziri rəsmi səfərlər zamanı dövlət başçısını müşayiət edir, yaxud da şəraitdən asılı olaraq özü sərbəst görüşlər keçirir və səfərlər edir.

Livan ilə qardaş ölkələr arasında iqtisadi, sosial əlaqələr, mədəniyyət və elm sahəsində əlaqələrin möhkəmləndirilməsi üçün bu cür səfərlərin əhəmiyyəti hamıya məlumdur.

Azərbaycanla əlaqələrə gəldikdə isə, Livan Azərbaycanı 1991-ci ildə özünü müstəqil elan etməsindən sonra rəsmən tanıyıb və Livanın Moskvadakı Səfirliyinə tapşırıb ki, Azərbaycanda səfirlik açılana qədər bu ölkədə yaşayan livanlıların məsələləri ilə məşğul olsun. 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər yaranıb və Azərbaycanın Livana qeyri-rezident səfiri təyin olunub, lakin əks mübadilə baş verməyib. Bundan əlavə, ölkələr arasında iqtisadi, ticarət, gömrük əməkdaşlığı, həmçinin hava nəqliyyatı sahəsində bir sıra müqavilələr imzalanıb. İqtisadiyyat, ticarət, mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığa dair bir sıra müqavilə layihələri mövcuddur. Vətəndaş və cinayət işləri sferasında, hüquq sahəsində əməkdaşlıq haqqında müqavilə və ikiqat vergiqoymadan yayınma haqqında müqavilərdə isə hələlik razılaşdırılma prosesi gedir.

Azərbaycana yaxın zamanlardakı səfərin dəqiq vaxtı indiyədək müəyyən olunmayıb. Lakin gələcəkdə məsələ aydın olan zaman bu, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə əməkdaşlığının rəsmiləşməsinə imkan verəcək. Gündəlikdə Livan hökumətinin ölkənin xarici siyasəti üzrə planında qeyd olunmuş iqtisadi və sosial niyyətli səfərləri durur.

- Livan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesini necə qiymətləndirir? Livanın bu məsələyə rəsmi mövqeyi necədir?

- Livan Azərbaycan ilə həmrəydir və Azərbaycanın süverenliyini və ərazi bütövlüyünü münaqişələrin sülh yolu ilə həll edilməsinə dair beynəlxalq hüquq normaları əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və danışıqlar aparmaq yolu ilə BMT Qətnamələrinə müvafiq olaraq dəstəkləyir ki, bu da hər iki tərəfin maraqlarına cavab verir.

Lakin Livan BMT Baş Assambleyasının 63-cü iclasında işğal olunmuş Azərbaycan ərazilərindəki şəraitə dair səsvermədən imtina edib. Eyni zamanda Livan Azərbaycanla dostluq əlaqələrinin tərəfdarıdır, ikitərəfli və çoxtərəfli əlaqələr çərçivəsində müxtəlif sahələrdə mütəmadi məsləhətləşmələri və əməkdaşlığı davam etdirir.

- Azərbaycanın iqtisadi artımını nəzərə alaraq Livan investorları üçün iqtisadiyyatın hansı sektoru daha maraqlıdır?

- Livan investisiyalar üçün imkanları yaxşılaşdıran Azərbaycanın iqtisadi artımında özünün iştirakına ümid edir. Livan Azərbaycan bazarının ehtiyac duyduğu konsaltinq, bank işi, turizm, ərzaq sektoru, geyim istehsalı, parfümeriya və elektrik cihazları daxil olmaqla, bir sıra sahələrdə müqayisəli üstünlüyə malikdir. Ölkənin potensialı, həqiqətdə genişləndirilə bilən hazırkı əmtəə dövriyyəsinə imkan yarada bilər.

- Beyrut Ankaranın Yaxın Şərq ölkələri ilə əməkdaşlığını genişləndirməsini nəzərə alaraq, Türkiyənin Yaxın Şərq probleminin həllində uğurlu vasitəçi olacağını hesab edirmi?

- Livan bu günə qədər qonşu ölkələr ilə yaxşı əlaqələrə güvənib və bu əlaqələrin inkişafına, qorunub saxlanmasına səylə çalışıb. Livan səmimiliyi, azadlığı və regionda sülhcəsinə mövcudluğu ilə nümunə ola biləcək sülhsevər ölkədir. Livanın ancaq bir düşməni var. O da İsraildir. İsrail 425 (1978-ci il) və 425-ci qətnaməni bir daha dəstəkləyən 1701 (2006-ci il) saylı qətnamələrə baxmayaraq, Livan torpaqlarını işğal edib və buradan öz hərbi qoşunlarını çıxarmaqdan imtina edir. Bu qətnamələrə əsasən, İsrail tez bir zamanda Livanın işğal olunmuş ərazilərindən tamamilə çıxmalıdır.

Bununla əlaqədar olaraq, Livan istənilən hücuma qarşı və öz ərazilərinin azad edilməsi ilə bağlı tam hüququnu saxlayaraq, Yaxın Şərq probleminin və Ərəb-İsrail münaqişəsinin həlli üçün dost ölkələrin sərf etdiyi istənilən cəhdləri alqışlayır. İlk öncə bu Fələstin problemidir və Ərəb sülh təşəbbüsünə əsasən, Fələstin xalqının öz dövlətini yaratması və öz torpaqlarına qayıtması hüququdur. Buna görə də Livan Türkiyənin mobilliyi bərpa etməsi cəhdlərini dəstəkləyir, xüsusilə də ona görə ki, Türkiyə ilə sarsılmaz tarixi və mədəni əlaqələr var. Türkiyə regional və beynəlxalq səviyyələrdə mühüm strateji rol aynayır. İri dövlətlərin, xüsusilə də ABŞ-ın dəstəyi sayəsində Türkiyə İsrail və Suriya tərəfləri arasında dolayı danışıqların aparılmasında mövqelərin və baxışların yaxınlaşmasına  uğurla nail olunub.

Xəbər lenti

Xəbər lenti