...

Azərbaycanda qiymətsiz tarixi incəsənət nümunələrinin qanunsuz satılmasının qarşısı alınıb - MTN

Siyasət Materials 27 Mart 2010 16:52 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində bizim eradan əvvəl və bizim eranın ilkin dövrünə aid əntiq əşyalar olmaları baxımından qiymətsiz tarixi incəsənət nümunələrinin qanunsuz satılmasının qarşısı alınıb. Bu barədə şənbə günü Trend News-a MTN-in İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.
Azərbaycanda qiymətsiz tarixi incəsənət nümunələrinin qanunsuz satılmasının qarşısı alınıb - MTN

Azərbaycan, Bakı, 27 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində bizim eradan əvvəl və bizim eranın ilkin dövrünə aid əntiq əşyalar olmaları baxımından qiymətsiz tarixi incəsənət nümunələrinin qanunsuz satılmasının qarşısı alınıb. Bu barədə şənbə günü Trend -a MTN-in İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, nazirliyə bir qrup şəxsin qızıl və qiymətli daşlardan düzəldilmiş 3 ədəd tarixi incəsənət nümunəsini Bakı şəhərində satmaq istədikləri və onlarda olan həmin əntiq əşyaların mütəxəssis tərəfindən 350 min ABŞ dolları dəyərində qiymətləndirildiyi barədə məlumat daxil olub.

2010-cu il martın 18-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixi incəsənət nümunələrini satmaq niyyətində olan - Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü Allahverdiyev Arif Allahyar oğlundan 2 ədəd qızıl heyvan fiquru və 1 ədəd daşdan düzəldilmiş çox qədim, həm də nəfis sənətkarlıq nümunəsi olan jezl, yəni rəhbər və ya hakimiyyət simvolu qismində istifadə olunduğu güman edilən balta sənədləşdirilərək götürülüb.

Bu istiqamətdə həyata keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - 1983-cü il təvəllüdlü Yusifov Hafiz Mustafa oğlu, 1973-cü il təvəllüdlü, ixtisasca tarixşünas olan Rzayev Rizvan Abbas oğlu və 1956-cı il təvəllüdlü Qurbanov Məzahir Ələkbər oğlundan ümumilikdə 6 ədəd tarixi əhəmiyyət kəsb edən incəsənət nümunələri, o cümlədən, 1 ədəd qızıldan hazırlanmış şir başına bənzər riton, 1 ədəd qızıldan hazırlanmış heyvan fiquru, 1 ədəd füruzədən hazırlanmış ceyran üzərində adam fiquru, 1 ədəd tunc riton, 2 ədəd kiçik tunc kişi heykəli sənədləşdirilərək götürülüb. Müəyyən edilib ki, adları çəkilən şəxslər dəyərləri ölçüyə gəlməz bu əşyaları 250 min ABŞ dollarına satmaq niyyətində olublar.

Götürülmüş qədim sənətkarlıq incilərinin tarixini və dəyərini müəyyənləşdirmək məqsədilə bu sahə üzrə mütəxəssislərin rəyləri öyrənilmişdir. Alınmış ilkin rəylərə əsasən, bütün təqdim olunmuş əşyalar indiyədək Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar və qazıntılar zamanı tapılan əşyalar arasında analoqlarına rast gəlinməyən, tarixi baxımdan çox qədim, yəni bizim eradan əvvəlki və bizim eranın ilkin dövrlərinə təsadüf edən nadir incəsənət nümunələridir. Hazırda mütəxəssislərın müvafiq araşdırmaları davam edir.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cı (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən mədəni-tarixi sərvət olan əşyaların qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanılıb; Allahverdiyev Arif Allahyar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti