Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir V.Javoronkova/
Mərkəzi Asiyada Amerika bazalarının yerləşməsi region ölkələri arasında, həmçinin, qonşu dövlətlərlə konstruktiv əməkdaşlığa mane olur. Rusiyanın Mərkəzi Asiya ölkələri üzrə eksperti Aleksandr Knyazev belə hesab edir.
"ABŞ-ın regionda hərbi iştirakı gərginlik yaradır və bu həm region daxilində, həm də qonşu ölkələrlə konstruktiv əməkdaşlığa əngəl törədir", - Trend -a Rusiyanın Mərkəzi Asiyada MDB Ölkələri İnstitutunun regional filialının direktoru Knyazev elektron poçtla məlumat verib.
Onun sözlərinə görə, regionda Amerikaya meyillilik informasiya-siyasi qarşıdurma xarakteri daşıyır və həm Rusiyanı, həm də Çini Mərkəzi Asiya ölkələrinə yeni texnologiyalara investisiya qoyuluşu, böhranın aradan qaldırılması və öz ölkələrinin sosial-iqtisadi sahələrinin inkişafının sürətləndirilməsi üçün istifadə oluna biləcək resursları ayırmaqla bəzi əks-tədbirləri həyata keçirməyə məcbur edir.
"Bu və digər ölkədə sosial-iqtisadi vəziyyət də regionda kimin hərbi bazalarının yerləşməsindən birbaşa asılı ola bilər", - politoloq vurğulayıb. - "Nə qədər ki, Qırğızıstanda Amerika hərbi bazası yerləşir, Çin və Rusiyanın respublikanın iqtisadiyyatında səmimi və fəal iştirakını gözləmək çətindir".
Hazırda Qırğızıstan ərazisində, məhz Manas Beynəlxalq Hava Limanında Amerikanın tranzit daşımalar mərkəzi fəaliyyət göstərir.
Bundan əlavə, martın 8-də Amerikanın QR-dəki səfirliyi xüsusi məlumat yayaraq bildirib ki, "Qırğızıstan hökumətinin xahişi ilə ABŞ administrasiyası Batkendə Qırğızıstan Respublikası hökuməti üçün antiterror təlim mərkəzinin inşasına 5,5 milyon dollar ayırıb. O, Qırğızıstana məxsus olacaq və "respublika SQ-nin şəxsi heyətinin və təhlükəsizlik qüvvələrinin təlimi üçün istifadə olunacaq".
Knyazevin fikrincə, Qırğızıstanın bu cür xarici siyasi davranışının, çətin ki, respublikanın özünün milli maraqlarına cavab verdiyini, sadəcə, sağlam düşüncəyə sığdığını demək mümkün olsun.
Onun fikrincə, Bişkek öz xarici siyasətində çoxvektorluluq prinsipinə əsaslanır, öz ərazilərində hərbi bazaların yerləşdirilməsi məsələsində Vaşinqton ilə yanaşı, Moskva ilə də əməkdaşlıq edir. Qırğızıstan ərazisində Amerika bazası ilə bərabər, Rusiyanın Kant aviabazası da var.
Bişkekin xarici siyasətində çoxvektorluluğun olmasını bir fakt da göstərir ki, respublika ərazisində Amerika hərbi bazası iştirak edir; halbuki Qırğızıstan özü Şanxay Əməkdaşlıq Təşkilatının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.
Bundan əlavə, Rusiya Qırğızıstanda birləşmiş hərbi bazar yaratmaq niyyətindədir. Bu barədə martın 29-da mətbuat konfransında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.
Baş katib bildirib ki, "Hazırda birləşmiş Rusiya bazası haqqında saziş layihəsi razılaşdırılır. Həmçinin, respublikada KTMT çərçivəsində təlim mərkəzinin yaradılması imkanları nəzərdən keçirilir. Lakin hələlik mərkəzin yerləşəcəyi yer dəqiqləşdirilməyib".
Baş katib qeyd edib ki, söhbət Qırğızıstanda Kantda Rusiya hərbi bazasının fəaliyyətinin dayandırılmasından və ya məhdudlaşdırılmasından getmir.