Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin deputatı Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aranı ümummilli məsələlərə sayğısız münasibətdə günahlandırıb.
"Çanaqqalada şəhid olan azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirdə konsulluğun nümayəndəsini tapa bilmədik. Buna görə xatirə lövhəsini qoymaq üçün problemlə üzləşdik. Konsulluq bu məsələyə laqeydlik göstərdi. Onlar Azərbaycandan gedən bəzi insanların yanına düşüb, dükan-bazarı gəzməklə məşğul idilər. Bizə qarşı bu laqeyd münasibət birinci dəfə deyil. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət edəndən sonra, məsələ həllini tapdı", - Trend-in məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Gülər Əhmədova bildirib.
Əhmədova martın ortalarında Türkiyədə səfərdə olub. Hazırda Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Arandır.
Məsələyə münasibət açıqlayan spikeri Oqtay Əsədov deyib ki, Milli Məclisin digər deputatları da bu konsulla bağlı narahatlıqlarını ifadə ediblər.
"O konsul bizim aramızdan çıxan insandır. Xarici İşlər Nazirliyi ilə söhbət edib, narahatlığımızı çatdırmışam. Yəqin ki, bu məsələ ilə bağlı ölçü götürüləcək", - Əsədov əlavə edib.