...

Qırğızıstanda baş verənlər göstərir ki, xalqın iradəsinə söykənməyən hakimiyyət uzunömürlü ola bilməz - Azərbaycanın hakim partiyası

Siyasət Materials 8 Aprel 2010 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/ Azərbaycanın hakim partiyası hesab edir ki, hakimiyyət xalqın iradəsi ilə formalaşmalıdır.

"Qırğızıstanda baş verənlər göstərir ki, xalqın iradəsinə söykənməyən hakimiyyət uzunömürlü ola bilməz", - Trend-in məlumatına görə, cümə axşamı jurnalistlərə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.

Qırğızıstanda müxalifətlə güc strukturları arasında dünəndən yaranan silahlı insident zamanı son məlumata görə, 65 nəfər ölüb, 400-dən çox nəfər isə yaralanıb. Müxalifət güc yolu ilə hakimiyyəti devirmək üçün strateji obyektləri ələ keçirib. Hazırda Qırğızıstan Prezidentinin paytaxtı tərk etdiyi bildirilir.

Əhmədovun sözlərinə görə, Qırğızıstan hadisələri bir daha sübut etdi ki, kənar qüvvələrin diqtəsi ilə verilən təkliflərlə ölkənin müxtəlif strukturlarını idarə etməkdə yaranan hakimiyyətin ömrü az olur.

Hakim partiyanın sədr müavini Azərbaycanda bu cür hadisələrin baş verəcəyinə zəmin olmadığını qeyd edib.

"Azərbaycanda ona görə sabitlik mövcuddur ki, hakimiyyət xarici reseptlərlə yox, xalqın istəyi ilə formalaşıb", - Əhmədov əlavə edib.

Onun fikrincə, 2010-cu ilin payızında keçiriləcək Parlament seçkilərində xarici qüvvələrin təzyiqlərinə cəhd olacaqsa, Azərbaycan xalqı bunu pisləyəcək.

"Biz inanırıq ki, xalqımız bu cür cəhdlərə qarşı çıxacaq. Heç bir ölkədə xarici qüvvələrin dəstəyi ilə yaranan hakimiyyət xalqa firavanlıq verə bilməz", - icra katibi vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti