...

Türkiyə Baş nazirinin ABŞ-a səfərindən maraqlı nəticə gözləmək olar - Azərbaycan deputatı

Siyasət Materials 12 Aprel 2010 16:29 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-da keçirəcəyi görüşlərdən maraqlı nəticələrin əldə ediləcəyinə ümid edir.
Türkiyə Baş nazirinin ABŞ-a səfərindən maraqlı nəticə gözləmək olar - Azərbaycan deputatı

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-da keçirəcəyi görüşlərdən maraqlı nəticələrin əldə ediləcəyinə ümid edir.

"ABŞ-da keçirilən "Nüvə təhlükəsizliyi" sammitində iştirak edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşlərinin bir sıra maraqlı nəticələri ola bilər. Bu nəticə, ilk növbədə, Ərdoğanın Ermənistan Prezidenti Serj Sarkisyanla görüşündə hər iki tərəfin verəcəyi bəyanatlarda səslənəcək. ABŞ Prezidenti Barak Obama ilə görüşün nəticəsinin də ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyətinə təsir edəcəyini düşünmək olar" - Trend-in məlumatına görə, bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Ərdoğanın bu gündən ABŞ-a səfəri başlayıb.

Millət vəkili deyib ki, Azərbaycan Minsk qrupunun yenidən işlədiyi Madrid prinsipləri ilə müəyyən istisnalarla razıdır.

"Ermənistan isə əvvəl razılaşdığı prinsiplərdən geri çəkilir. Bu mövqe Ermənistanı olduqca çıxılmaz vəziyyətdə saxlayır. Ermənistan bu mövqeyindən əl çəkib beynəlxalq hüquq normalarına hörmət etməlidir. Mənə elə gəlir ki, ABŞ-dakı görüşlərdən sonra biz bu dəyişikliyin müəyyən qədər şahidi olacağıq. Bu gün dünyanın qarşılaşdığı bir çox problemlərin kökündə məhz separatizm durur", - o xatırladıb.

Mirzəzadənin sözlərinə görə, Azərbaycan separatizmdən əziyyət çəkən dövlətlərdən biridir və Türkiyə bunun qarşısının alınması üçün səylərini əsirgəmir.

"Türkiyə rəhbərliyinin Azərbaycanın maraqlarını yüksək səviyyədə qoruması təqdirəlayiqdir. Son bəyanatalar bir daha göstərir ki, Türkiyə mövqeyində qətidir", - millət vəkili əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti