Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir Y.Ostapenko/
Azərbaycan və Venesiya Komissiyası arasında müzakirələr zamanı parlament seçkiləri ərəfəsində ölkədə keçirilməsi planlaşdırılan birgə tədbirlərin heç biri ilə bağlı anlaşılmazlıq olmayıb. Bunu çərşənbə axşamı Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov jurnalistlərə deyib.
"Şikayətvermə sistemi üzrə tədbirləri iyunda keçirməyi planlaşdırırıq. Bu barədə ilkin razılıq əldə olunub", - Kuznetsov bildirib.
Onun sözlərinə görə, format təxminən müəyyən olunub: şikayətlərə baxılması üzrə qrupun üzvləri, hüquqşünaslar, o cümlədən müstəqil hüquqşünaslar, həmçinin Venesiya Komissiyasının bu mövzu üzrə iş apardığı təşkilatların nümayəndələri dəvət olunacaqlar.
"Seçki Məcəlləsinə gəlincə, istənilən qanunvericilik aktında boşluqlar və bəndlər var ki, onların üzərində iş aparılmalıdır", - Kuznetsov belə hesab edir.
Onun sözlərinə görə, Venesiya Komissiyasının iki il əvvəl Seçki Məcəlləsi üzrə təqdim etdiyi tövsiyələr qüvvədə qalır. "Venesiya Komissiyasının mövqeyi belədir ki, qanunvericiliyə istənilən dəyişikliklər qabaqcadan edilməlidir. Qaydaların seçki öncəsi dəyişdirilməsi uğurlu yanaşma deyil. Çünki seçki kampaniyasında iştirak edənlərin hamısı - həm namizədlər, həm də seçicilər qaydaları əvvəlcədən bilməlidirlər", - Kuznetsov deyib.
Onun sözlərinə görə, sözsuz ki, şikayətlərin araşdırılması üzrə mövcud sistem qarşıdakı tədbirlər zamanı nəzərdən keçiriləcək əsas tədbirlərdən biri olacaq. "Bu sistemin seçicilərin hüquqlarının müdafiəsini nə dərəcədə təmin etdiyi barədə düşünmək lazımdır. Hesab edirəm ki, indi düşünmək daha asan olacaq, çünki bizim əlimizdə Avropa Məhkəməsinin qərarı var və ölkə Avropa Şurası çərçivəsində öz öhdəlikləri baxımından onu yerinə yetirməlidir", - Kuznetsov deyib.
Onun sözlərinə görə, qərar ötən həftə çıxıb və diqqətlə öyrənilməlidir.
"Ümid edirəm ki, Azərbaycanda bunda maraqlı olan təşkilatlar bu qərarla diqqətlə tanış olacaqlar. Biz bunun bazasında fikirləşəcəyik ki, şikayətvermə sistemində nəyi və necə dəyişə bilərik", - Kuznetsov bildirib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti sərbəst toplaşma azadlığı haqqında qanun layihəsi (o zaman qanun layihəsi idi) üzrə rəylə bağlı müraciət edib. "İki il əvvəl komissiya rəy qəbul edib. Rəy kifayət qədər müsbət olub", - Kuznetsov deyib. - "Qanunda əvvəllər mövcud olan normalarla müqayisədə çoxlu zəmanətlər və müsbət məqamlar var idi. Bununla belə, biz bilirik ki, çoxları bu qanunun necə tətbiq edilməsi ilə bağlı şikayətlənir".
Onun sözlərinə görə, xüsusilə də seçkilər qabağı toplaşma azadlığı mövzusu müzakirə predmeti olacaq və Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyəti tərəfindən birgə təşkil olunmuş tədbirlərin keçirilməsi mümkündür. Bu tədbirlərdə məqsəd qanunun tətbiqi zamanı müxtəlif təşkilatlar və vətəndaşlar tərəfindən iradların yaranmasının səbəblərini müəyyən etməkdir.
"İndiyədək biz Azərbaycanda elektron səsvermənin tətbiqi ilə bağlı müzakirələrdə iştirak etməmişik. Bizim tövsiyələrimizdə də bu məsələyə toxunulmayıb", - o bildirib.