Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda keçirilən seçkilərdə dövlət resurslarından hansısa siyasi mənsubiyyətli şəxslərin maraqlarına uyğun istifadə olunmamasına nail olmuşuq, - Trend-in məlumatına görə, bunu cümə günü "Azərbaycanda 2010-cu il Parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Azərbaycanda demokratik seçkilər keçirmək üçün şərait yaradılıb. Hər bir insanın seçib-seçilmək hüququ var. Nailiyyətlərdən biri də odur ki, ötən vaxt ərzində Seçki Məcəlləsi Avropa standartlarına uyğunlaşdırılıb. Azərbaycanda Avropa standartlarına cavab verən məhkəmə sistemi yaradılıb", - Həsənov deyib.
Azərbaycanda parlament seçkisi noyabrın əvvəllərində keçiriləcək. Müxalifət partiyaları hesab edir ki, seçki komissiyalarının paritet əsasda formalaşdırılması üçün Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməlidir.