...

Azərbaycan müxalifəti Parlament seçkilərində uğur qazana bilməyəcək – partiya sədri

Siyasət Materials 16 Aprel 2010 14:47 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının sədri hesab edir ki, seçkilərdə bir yerdə iştirak etmədən qələbə qazanmaq mümkün deyil.
Azərbaycan müxalifəti Parlament seçkilərində uğur qazana bilməyəcək – partiya sədri

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının sədri hesab edir ki, seçkilərdə bir yerdə iştirak etmədən qələbə qazanılması mümkün deyil.

"Biz seçkilərdə müxalifətin birgə iştirakını arzulayırdıq və bu birliyin qələbə ilə nəticələnəyinə əmin idik", - cümə günü Trend-ə Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Əliyevin sözlərinə görə, son vaxtlar müxalifətdə yaranan vəziyyət müxalifətin parçalanmasına stimul olmaqla yanaşı, gözlənilən qələbəni kölgə altına alır: "Buna baxmayaraq, biz seçkilərdə iştirak edəcəyik. Çox istərdik, müxalifətin ümumi birliyi yaransın. Bu istiqamətdə işimizi davam etdirəcəyik və çalışacağıq, müxalifətin seçkilərdə vahid namizədlə iştirakına nail olaq", - partiya sədri əlavə edib.

Əliyev Parlament seçkilərində namizədlərin təbliğat-təşviqat kampaniyasını aparmaq üçün ALDP üzvləri arasında "Yaxşı seçki plakatı" və "Yaxşı seçki şuarı" müsabiqəsinin keçirilməsini təklif verib: "Təklif qəbul olunub və bir ay ərzində müsabiqənin keçirilməsi planlaşdırılıb", - o vurğulayıb.

АLDP 1999-cu ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh İbadov və Fuad Əliyev - hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti