...

Azərbaycan Parlamentinin yəhudiəsilli deputatı "erməni soyqırımı" məsələsinin Knessetdə müzakirəyə çıxarılacağına inanmır

Siyasət Materials 29 Aprel 2010 11:09 (UTC +04:00)
Azərbaycan Parlamentinin yəhudiəsilli deputatı hesab edir ki, qondarma "erməni soyqırımı" ilə bağlı məsələ İsrail Knessetinin ümumi müzakirəsinə çıxarılmayacaq.
Azərbaycan Parlamentinin yəhudiəsilli deputatı "erməni soyqırımı" məsələsinin Knessetdə müzakirəyə çıxarılacağına inanmır

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin yəhudiəsilli deputatı hesab edir ki, qondarma "erməni soyqırımı" ilə bağlı məsələ İsrail Knessetinin ümumi müzakirəsinə çıxarılmayacaq.

"Knessetdə təmsil olunan solçu partiyaların fraksiyası "soyqırım"la bağlı məsələni müzakirə edib, Parlamentin Xarici əlaqələr və müdafiə komitəsində baxılmaq üçün qərar qəbul edib", - cümə axşamı Trend-ə Azərbaycan - İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Yevda Abramov bildirib.

Abramovun sözlərinə görə, bu qərar məsələnin Parlamentin gündəliyinə salınması kimi başa düşülməməlidir.

"İsrail Parlamentində 120 deputat təmsil olunur. Solçu partiyaların fraksiyasının iclasında isə 20-yə qədər deputat iştirak edib. Onların 8-i qərarın əleyhinə, 12-si lehinə səs verib. İndi qərar komitəyə təqdim olunacaq. Amma mən bilirəm ki, komitədən keçməyəcək", - millət vəkili əlavə edib.

Azərbaycan Parlamentinin deputatı deyib ki, solçu partiyalardan biri tamamilə ərəbyönümlüdür.

"Bu qərardan Knessetin spikeri və onun müavinləri də təəssüfləniblər. Amma İsrail demokratik bir ölkədir, hamı eyni cür düşünmür", - Abramov vurğulayıb.

Trend-in arayışı: Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti