RED. əlavə: ikinci abzasdan sonra əlavə olunub
Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M. Əliyev/
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) may ayı ərzində İrandan Azərbaycana, buradan isə Rusiya ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 24 nəfər (Azərbaycanın 22, Rusiyanın 2 vətəndaşı) ifşa olunaraq yaxalanıb; onlardan, ümumilikdə, 254 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Bu barədə Trend-ə MTN-nin mətbuat xidmətindən bildiriblər.
Faktlar üzrə 11 cinayət işi başlanılıb.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti arasında əməliyyat informasiyası mübadiləsi nəticəsində, "İran - Azərbaycan - Türkiyə - Rusiya" marşrutu ilə külli miqdarda narkotik vasitələrin daşınmasının qarşısı alınıb. Məlum olub ki, Azərbaycan vətəndaşları - Myasnikov Zeynal Sergey oğlu, Həsənov Tacəddin Arif oğlu, Baxışov Mehman Sabir oğlu, hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən - gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.
Müəyyən edilib ki, Zeynal Myasnikov, Tacəddin Həsənov, Mehman Baxışov və həmin iranlılar arasında narkotik vasitələrin qaçaqyolla İrandan Azərbaycana, sonradan isə eyni üsulla Türkiyə Respublikasına, oradan da Rusiya Federasiyasına göndərilməsi barədə əvvəlcədən razılıq əldə edilib. Bu razılaşmaya əsasən, İran vətəndaşları 102 kiloqram 716 qram həşiş qətranını yük maşınında gizlədərək, qaçaqyolla İrandan Azərbaycana göndəriblər. Narkotik vasitələr "Avrasiya" Nəqliyyat Daşımaları Şirkətinin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ev - 10/22 ünvanında yerləşən anbarında gizlədilib. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən anbara keçirilmiş baxış zamanı kisələrin içindən həmin narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən Moskva şəhərində birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində, narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Rusiya Federasiyası vətəndaşı Adilxanov Radik Aliyeviç saxlanılıb, ondan 126 qram kokain və 6 kiloqram həşiş aşkarlanaraq götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən Rusiya ərazisində birgə keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində, Rusiya Federasiyasının vətəndaşı Turabov Rüfət Əlisəftər oğlu saxlanılıb, ondan 7 kiloqram 400 qram tiryək aşkarlanaraq götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində, Tümen şəhərində Bakı - Tümen sərnişin qatarının bələdçisi Vəliyev Rövşən Rəşid oğlu saxlanılıb, onda 20 kiloqram 528 qram tiryək aşkarlanıb.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş növbəti əməliyyat tədbiri ilə Yekaterinburq şəhərində Bakı - Tümen sərnişin qatarında Azərbaycan Respublikasının vətəndaşları - Məmmədov Allahverdi Məhərrəm oğlu, Əliyev Əfsər Qarsalan oğlu, Hüseynov Abdulxeyir Musa oğlu, Hüseynov Bəhruz Xanoğlan oğlu və Rəhimov Məcid Elbrus oğlu saxlanılıb, onlardan 22 kiloqram həşiş aşkarlanaraq götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində isə Azərbaycan Respublikasının vətəndaşı Məmmədov İlqar Süleyman oğlu yaxalanıb. Müəyyən edilib ki, İlqar Məmmədov və qeyriləri qabaqcadan əlbir olaraq narkotik vasitə sayılan 36 kiloqramdan artıq həşiş qətranını və 15 kiloqram 0,38 qram tiryəki satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlayıb və daşıyıblar.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ardıcıl olaraq daha bir neçə əməliyyat tədbiri həyata keçirilib. "İran - Azərbaycan - Rusiya" marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Xancanov Ağalı Miralı oğlu, Bəşirov Qalası Məhərrəm oğlu və Sadıqov Saleh Sadıx oğlu yaxalanıb, onlardan 702,2 qram heroin aşkar edilərək götürülüb.
Digər əməliyyat tədbiri nəticəsində "İran - Azərbaycan - Rusiya" marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları - Quliyev İbrahim Yolçu oğlu, Məmmədov Tale Müzəffər oğlu və Cavadova Aygün Habil qızı yaxalanıb, onlardan 9 kiloqramdan artıq həşiş aşkar edilib.
Daha bir əməliyyat tədbiri ilə eyni marşrut üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları - Seyidov Elşən Bəhram oğlu və Tarıverdiyev Rizvan Dadaşbala oğlu yaxalanmış, onlardan 1 kiloqram 156 qramdan artıq heroin, həşiş və tiryək aşkarlanaraq götürülüb.
Növbəti əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycandan keçməklə Rusiyaya narkotik vasitələrin qanunsuz daşınmasına cəhd göstərən Azərbaycan Respublikası vətəndaşları - Məhərrəmov Mübariz Rəcəb oğlu, Rəhimov Zərxan Raqif oğlu, Məmmədov Mikayıl İsa oğlu, İmaməliyev Əflatun Hacırza oğlu, İmaməliyev Sərvər Muxtar oğlu və İmaməliyev Hikmət Muxtar oğlu yaxalanıb, onlardan 32 kiloqram 845 qram həşiş aşkar edilərək götürülüb.
Bütün faktlar üzrə cinayət işləri başlanılıb; bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli Təhlükəsizlik Nazirliyi bu xüsusda vacib olan bir məqama bir daha toxunmağı zəruri sayır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi xalqımızın milli maraqlarına ciddi təhdid olduğundan, onunla mübarizəyə bütün qüvvələrin səfərbər edilməsi, əhali arasında səmərəli profilaktik və hüquqi maarifləndirmə işinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Həm şəxsi sağlamlığa, həm də milli genofonda böyük zərər vuran, eyni zamanda, insanı asılı vəziyyətə və cəmiyyətdən ayrı salan, terrorçuluq üçün əsas maliyyə mənbələrindən olan narkotiklərlə mübarizə hər kəsin - fərdin, ailənin, təhsil müəssisəsinin, əmək kollektivinin, ictimaiyyətin və dövlətin işidir. Yalnız bu halda, iş məqsədyönlü və səfərbər şəkildə qurulduqda, həmin cinayətlərin qarşısı vaxtında alına və milli mənafelər daha effektli qoruna bilər. İctimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində milli maraqların etibarlı təmin olunması ilə bağlı qanunvericiliklə üzərinə müvafiq vəzifələr və məsuliyyət qoyulmuş Milli Təhlükəsizlik Nazirliyi bundan sonra da cəmiyyətəzidd bütün təzahürlərə qarşı dönmədən və qətiyyətli mübarizə aparacaq və bu yöndə adekvat tədbirlər ardıcıl davam etdiriləcək.