...

Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər – Prezident İlham Əliyev

Siyasət Materials 23 İyun 2010 15:22 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər
Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir S.Əliyev/

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, - Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimində çıxışı zamanı bildirib.

"Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Bizim mövqeyimizi, yəni haqq-ədalət mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların çoxsaylı qərarları və qətnamələri vardır", - İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, ölkəmiz və bölgəmiz üçün böyük problemlər yaradıb.

"Fürsətdən istifadə edərək, bütün müsəlman bacı-qardaşlarımıza Azərbaycanın haqq işinə öz dəstəyini verdiklərinə görə, bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Ermənistanın Azərbaycana əsassız torpaq iddiası nəticəsində, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisinin 20 faizi hal-hazırda Ermənistanın işğalçı qüvvələrinin işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində, 1 milyon Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu işğal nəticəsində, işğal edilmiş ərazilərdə, demək olar ki, bütün binalar, infrastruktur dağıdılıb. Bizim muzeylərimiz talan edilib, muzeylərin eksponatları oğurlanıb, bizim əcdadlarımızın qəbirləri dağıdılıb, bizim tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb", - İlham Əliyev çıxışında vurğulayıb.

Prezidentin sözlərinə görə, artıq işğal edilmiş torpaqlar bir ölü bölgəyə çevrilib.

"Bu ərazilərdə azərbaycanlılar əsrlərboyu yaşamışlar. Ermənistanın işğalçı siyasəti bu gün də davam edir. Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələr qanunsuz olaraq uzun illərdir ki, işğal altında saxlanılır. Bu gün hörmətli cənab Əhməd Məhəmməd Əli bu barədə öz fikirlərini bildirdi. BMT Təhlükəsizlik Şurası, yəni beynəlxalq müstəvidə ən ali orqan tərəfindən bu məsələ ilə bağlı dörd qətnamə qəbul edilmişdir ki, bu qətnamələrdə birmənalı göstərilir ki, qeyri-şərtsiz Ermənistan işğalçı qüvvələri Azərbaycanın ərazilərindən çıxarılmalıdır. Bu qətnamələr icrasız qalıb. İslam Konfransı Təşkilatı dəfələrlə buna oxşar qətnamələr qəbul edib. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, bütün başqa beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər. Ancaq Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymur. Ermənistan beynəlxalq təşkilatların qərarları ilə hesablaşmır və bu işğalçı siyasətə son qoyulmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bütün işğaldan əziyyət çəkmiş insanlar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar", - dövlət başçısı qeyd edib.

İlham Əliyev bir daha deyib ki, ölkəmiz üçün bu, ən böyük və ən ağrılı problemdir və Azərbaycan dövlət müstəqilliyinə qovuşandan sonra, bu problem bir nömrəli problem kimi qabağımızda dayanıb.
"Buna baxmayaraq biz müstəqillik dövründə böyük və şərəfli yol keçə bilmişik. Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndə, bizim vəziyyətimiz çox ağır idi; bir tərəfdə, erməni işğalı, digər tərəfdə, ölkə daxilində gedən xoşagəlməz proseslər, iqtisadi böhran və iqtisadi tənəzzül, demək olar ki, ölkəni iflic vəziyyətinə salmışdı. Ancaq Azərbaycan xalqının iradəsi nəticəsində və böyük lider Heydər Əliyevin fəaliyyəti nəticəsində, Azərbaycan o böhranlı vəziyyətdən şərəflə çıxa bilmişdir. 90-cı illərin ortalarında sabitlik yaranmışdır; həm iqtisadi, həm siyasi sabitlik bərqərar olunmuşdur və bu bizə imkan vermişdir ki, sürətlə inkişaf etməyə başlayaq. O gündən bu günə qədər Azərbaycanın hərtərəfli inkişafı ölkə qarşısında duran problemlərin həlli üçün bizə şərait yaratdı", - Prezident bildirib.


İlham Əliyev qeyd edib ki, bugünkü toplantı ölkəmizin həyatında xüsusi yer tutur.

"Azərbaycanın böyük tarixi var. Bu gün dostumuz doktor Əhməd Məhəmməd Əli Azərbaycanın tarixi haqqında çox dəyərli fikirlər söyləmişdir. Böyük mədəniyyətimiz var. Ancaq müstəqillik tariximiz o qədər böyük deyil. Ona görə bəzi hallarda Azərbaycan haqqında dünyada kifayət qədər məlumat yoxdur, ancaq bu, müvəqqəti məsələdir. Vaxt keçdikcə, Azərbaycanı tanıyanların sayı çox olacaq və ölkə haqqında dəqiq, qərəzsiz məlumat üstünlük təşkil edəcək. Biz istəyirik ki, müsəlman aləmi içində bu əməkdaşlığı daha da dərinləşdirək;, biz istəyirik ki, müsəlman ölkələri daim bir-birinə dəstək olsunlar. Bütün beynəlxalq təşkilatlarda bir-birimizin lehinə səsimizi ucaltmalıyıq. Biz bunu edirik, daha da böyük səviyyədə, həcmdə etməliyik. Çünki bizim gücümüz birliyimizdədir. Bizim amalımız da birdir, biz istəyirik ki, bütün dünyada sülh, əmin-amanlıq, ədalət olsun; biz istəyirik ki, bütün işğalçılar işğal edilmiş torpaqlardan çəkilsinlər. İşğaldan əziyyət çəkmiş insanlar öz doğma, tarixi torpaqlarına qayıtsınlar ki, nəhayət, dünyada ədalət bərpa edilsin. Ancaq bu, asan məsələ deyil. Əfsuslar olsun ki, ədalətsizliklər də kifayət qədər çoxdur. Biz birgə səylərimizlə bu ədalətsizlkilərə qarşı mübarizə aparmalıyıq, öz haqq səsimizi ucaltmalıyıq. Digər tərəfdən, iqtisadi imkanlarla müştərək gücümüzü artırmalıyıq", - Prezident nitqinin sonunda bildirib.

Xəbər lenti

Xəbər lenti