...

Azərbaycan Prezidenti Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olub

Siyasət Materials 16 İyul 2010 20:09 (UTC +04:00)
Cümə günü Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olub.
Azərbaycan Prezidenti Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olub

Cümə günü Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Prezident İlham Əliyevə Bakı şəhərinin Baş Planının (1986-2005-ci illər) icrası barədə məlumat verib.

Bakı Dövlət Layihə İnstitutu tərəfindən 1:500 miqyasında hazırlanmış maket üzərində Prezident İlham Əliyevə inşası başa çatmış və hazırda davam edən tikililər haqqında məlumat verilib.

Dövlətimizin başçısı Bakının küçə və prospektlərində, şəhərin digər yerlərində aparılacaq abadlıq və tikinti-quruculuq işləri ilə maraqlanıb.

Prezident İlham Əliyev Bakıda aparılacaq tikinti işlərinin müasir tələblərə uyğun icrası barədə konkret tapşırıqlar, yeni tikililərlə bağlı təkliflərin hazırlanması barədə göstərişlər verib.

Prezident İlham Əliyev qeyd edib ki, Bakının sahilboyu ərazilərində turizmin inkişafı üçün böyük imkanlar var. Bu məqsədlə dənizkənarı ərazilərdə kurort zonalarının salınması daha yaxşı olar. Dübəndi, Türkan və Zığ ərazilərində inkişafın layihələndirilməsi işlərinə başlanılmalıdır. Yeni tikililərdə problemlər kompleks şəkildə həllini tapmalıdır. Bundan əlavə, şəhərin mərkəzində sənaye müəssisələrinin inşasına icazə verilməməlidir.

Sonra dövlətimizin başçısına Bakının mərkəzinin üçölçülü sxemi əsasında görüləcək işlər barədə məlumat verilib. Qeyd olunub ki, tikinti ərazilərinin sahibkarlara məhəllələr üzrə təklif edilməsi və inşaat işlərinin vahid layihə əsasında aparılması daha səmərəli nəticələr verər. Bu zaman yaşayış sahələri ilə yanaşı, parkların və əyləncə yerlərinin yaradılması da əvvəlcədən nəzərə alınmalıdır. Bununla yanaşı, məhəllələrin inşası zamanı avtomobil yollarının genişləndirilməsi tıxacların aradan qaldırılmasına və hərəkətin sərbəstliyinə imkan yaradar.

Prezident İlham Əliyev Bakı şəhərinin mərkəzi hissəsinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi və təklif olunan nəqliyyat sxemi ilə birlikdə istinad planı, Bakı Baş planının 2030-cu ilədək inkişaf konsepsiyasının əsas prinsipləri ilə tanış olub.

Dövlətimizin başçısına Sumqayıt və Xırdalan şəhərlərinin ərazi inkişaf planı haqqında da məlumat verilib. Qeyd olunub ki, Azərbaycan paytaxtına yaxın olan bu şəhərlərdə aparılan yenidənqurma, abadlıq-quruculuq işləri Böyük Bakının inkişaf planına uyğunlaşdırılmalıdır.

Prezident İlham Əliyev Sumqayıt və Xırdalan şəhərləri üzrə təkliflərin mütəxəssislər tərəfindən ayrı-ayrılıqda öyrənilməsinin və dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb.

Dövlətimizin başçısı Bakı şəhərinin ərazi inkişaf planının icrasına dair tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti