...

Azərbaycan Baş Prokurorluğu 1918-1920-ci illərdə ermənilərin törətdikləri cinayətlərin araşdırılmasına kömək üçün vətəndaşlara müraciət edib

Siyasət Materials 30 İyul 2010 17:04 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğu 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş cinayətlərin araşdırılmasına kömək üçün vətəndaşlara müraciət edib.
Azərbaycan Baş Prokurorluğu 1918-1920-ci illərdə ermənilərin törətdikləri cinayətlərin araşdırılmasına kömək üçün vətəndaşlara müraciət edib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Baş Prokurorluğu 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş cinayətlərin araşdırılmasına kömək üçün vətəndaşlara müraciət edib. Bu Barədə Trend-ə Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat veriblər.

Müraciətdə bildirilib ki, Respublika Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 1918-1920-ci illlərdə Azərbaycanın Bakı quberniyası, Quba, Şamaxı qəzaları və digər bölgələrində erməni-daşnak silahlı dəstələri tərəfindən yerli dinc azərbaycanlıların işgəncələr verilməklə kütləvi surətdə qətlə yetirilməsi, əmlaklarının talan edilməsi, yandırılması, dağıdılması, əhali üzərində zorakılıqların törədilməsi və sair faktlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir.

"Hazırda həmin hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, 1918-1920-ci illlərdə erməni-daşnak silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı soyqırımın həyata keçirilməsi istintaq materiallarında öz əksini tapır və bununla əlaqədar iş üzrə sübut əhəmiyyəti ola biləcək yazılı sənədlərin, kitabların, elmi araşdırmaların, qəzet və jurnal məqalələrinin, məktubların, habelə foto, video, kino-foto və sair materialların istintaqa təqdim edilməsi istintaqın tam, obyektiv və hərtərəfli aparılmasına köməklik göstərə bilər", - müraciətdə qeyd olunub.

Müraciətdə həmçinin vətəndaşlardan, habelə hüquqi və fiziki şəxslərdən 1918-1920-ci illlərdə Azərbaycan ərazisində erməni millətçi silahlı dəstələri tərəfindən törədilmiş qeyd olunan cinayətlərə dair hər hansı məlumatı özündə əks etdirən materialların istintaqa təqdim olunmasını və ya ifadə vermələri üçün istintaq idarəsinə müraciət etmələri xahiş olunub.

İstintaq prosesinə kömək edə biləcək materialları təqdim etmək üçün Bakı şəhəri, Azadlıq prospekti, 22 ünvanına və (+994 12) 440-90-12, (+994 12) 440-78-59 nömrələrinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti