...

Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib

Siyasət Materials 6 Avqust 2010 22:39 (UTC +04:00)
Ədliyyə Nazirliyinin kollegiya iclasında 2010-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyinin kollegiya iclasında 2010-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kollegiyada çıxış edən nazir Fikrət Məmmədov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, dinamik iqtisadi tərəqqiyə nail olunduğunu vurğulamış, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirləri qeyd etmişdir.

Bildirilmişdir ki, insan hüquqlarının etibarlı müdafiəsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən yeni qanunlar qəbul olunmuş, məhkəmə sistemi xeyli təkmilləşmiş, yeni məhkəmələr yaradılmış, vətəndaşların müraciət imkanları asanlaşmış, habelə məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üçün tədbirlər görülmüşdür. İclasda yeni qəbul olunmuş qanunların tətbiqi ilə əlaqədar dövlətimizin başçısının 2010-cu il 15 iyul tarixli fərmanlarının müstəsna əhəmiyyəti qeyd olunaraq, Ədliyyə Nazirliyinə əlavə tapşırıqların verildiyi vurğulanmışdır.

Kollegiyada ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri, habelə Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuş, hesabatlar dinlənilmişdir.

Qeyd olunmuşdur ki, cari ilin birinci yarısında nazirlik tərəfindən qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş 86 normativ-hüquqi akt layihəsi hazırlanmış, müxtəlif hüquq münasibətlərini tənzimləyən 841 belə akt hüquqi ekspertizadan keçirilmişdir. 13 mindən çox bələdiyyə aktı inzibati nəzarət qaydasında yoxlanılmış, habelə 115 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması üzrə məsələ qaldırılmışdır.

Bu ilin 6 ayı ərzində ölkənin notariat orqanları tərəfindən 1,4 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilmiş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 154 mindən artıq əməliyyat aparılmışdır. İclasda qeydiyyat prosedurlarının təkmilləşdirilməsi ilə əlaqədar qanunvericiliyə edilmiş dəyişikliklərin tətbiqi üzrə vəzifələrdən danışılaraq zəruri tədbirlər müəyyən olunmuşdur. Eyni zamanda, demokratiyanın möhkəmləndirilməsi və inkişafında mühüm rol oynayan, müasir cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilmiş qeyri-hökumət təşkilatlarının 87-nin hesabat dövründə dövlət qeydiyyatına alındığı, 114 mətbu nəşrin uçota götürüldüyü bildirilmişdir.

Bununla yanaşı, Dünya Bankı ilə birgə "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində görülən işlər qeyd edilərək, layihənin icrası vəziyyətinin Dünya Bankı tərəfindən nümunəvi qiymətləndirildiyi vurğulanmışdır.

İclasda görülmüş işlərlə yanaşı, mövcud nöqsanlar və problemlərdən danışılmış, əhaliyə göstərilən hüquqi xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təsirliliyinin artırılması, kadr potensialının möhkəmləndirilməsi, qabaqcıl texnologiyalar geniş tətbiq edilməklə ədliyyə və məhkəmə infrastrukturlarının müasirləşdirilməsi üzrə konkret tapşırıqlar verilmişdir.

Kollegiyada, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.

Xəbər lenti

Xəbər lenti