Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Parlament Aparatının əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər.
Milli Məclisdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Türkiyənin Giresun Universiteti Qara dəniz Strateji Araşdırmalar Mərkəzi (KARASAM) tərəfindən üçüncü beynəlxalq Qara dəniz simpoziumu keçirilib.
Simpoziumda Azərbaycan Milli Məclis Aparatının analitik-informasiya şöbəsinin müavini, siyasi elmlər doktoru Hatəm Cabbarlı "Rusiyanın Qara dənizdə təhlükəsizlik siyasəti" və QAFSAM sədri Araz Aslanlı "Qara dənizin strateji əhəmiyyəti və Cənubi Qafqazda etnik problemlər" adlı məruzə ilə çıxış edib.
Azərbaycan, ABŞ, Gürcüstan, Ukrayna və Rusiyadan millət vəkilləri və elm adamlarının iştirak etdiyi simpoziumda Qara dəniz hövzəsinin problemləri və əməkdaşlıq məsələləri müzakirə edilib. Simpoziumda xüsusilə Qara dəniz hövzəsinin təhlükəsizlik məsələləri, qaçaqmalçılıq, terrorizm, enerji təhlükəsizliyi və digər məsələlər müxtəlif aspektlərdən dəyərləndirilib.
Simpoziumun təşkil edilməsində Giresun Universitetinin prorektoru - həmyerlimiz, professor Aygün Əttar və KARASAM-ın sədri dosent Yalçın Sarıqayanın əməyi xüsusilə vurğulanmalıdır.