...

Türkiyə NATO təlimlərinin keçirilməsi üçün Ermənistanla sərhədi açmayacaq – türk kəşfiyyatının keçmiş analitiki

Siyasət Materials 18 Avqust 2010 17:42 (UTC +04:00)
Ankara sentyabrda NATO təlimlərinin keçirilməsi üçün Ermənistanla sərhədi açmayacaq. Türk milli kəşfiyyatının keçmiş analitiki Mahir Kaynak belə hesab edir.
Türkiyə NATO təlimlərinin keçirilməsi üçün Ermənistanla sərhədi açmayacaq – türk kəşfiyyatının keçmiş analitiki

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir R.Hafizoğlu/

Ankara sentyabrda NATO təlimlərinin keçirilməsi üçün Ermənistanla sərhədi açmayacaq. Türk milli kəşfiyyatının keçmiş analitiki Mahir Kaynak belə hesab edir.

"Türkiyə, hətta NATO təlimlərinin keçirilməsi üçün belə, sərhədlərin açılması ilə bağlı məsələdə mövqeyini dəyişməyib", - Trend-ə telefonla Kaynak bildirib. - "Sərhədlər Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək bağlı qalacaq".
Bundan əvvəl bildirilmişdi ki, Türkiyə 2010-cu il sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək NATO hərbi təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin qismən və müvəqqəti açılması imkanını istisna etmir, lakin Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bu informasiyanı təkzib edib.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Türkiyənin bu məsələdə mövqeyi aydındır. Hakim partiya (Ədalət və İnkişaf) referendum ərəfəsində belə addım atmaz", - Kaynak hesab edir.
Sentyabrın 12-də Türkiyədə qüvvədə olan konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı ümumi referendum keçiriləcək.

Dəyişikliklər Prezidentin səlahiyyət müddətinin uzadılmasını, səlahiyyət müddəti başa çatmış Prezidentin öz namizədliyini yenidən irəli sürməsini, ölkədə obudsman fəaliyyətinin həyata keçirilməsini və siyasi partiyaların bağlanması məsələsinin çətinləşdirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti