...

Tehranın uranın zənginləşdirilməsini davam etdirmək niyyəti ""5+1"lə razılığa gəlmək şanslarını heçə endirir – ekspertlər

Siyasət Materials 19 Avqust 2010 12:39 (UTC +04:00)
Rəsmi Tehranın son bəyanatı göstərir ki, İslam Respublikası nüvə tədqiqatlarını müstəqil şəkildə həyata keçirməyi davam etdirmək niyyətindədir ki, bu da "5+1" qrup ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə danışıqlarda müsbət nəticələrə nail olmaq şanslarını sıfıra endirir, - ekspertlər bu qənaətdədirlər.
Tehranın uranın zənginləşdirilməsini davam etdirmək niyyəti ""5+1"lə razılığa gəlmək şanslarını heçə endirir – ekspertlər

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir T.Konyayeva/

Rəsmi Tehranın son bəyanatı göstərir ki, İslam Respublikası nüvə tədqiqatlarını müstəqil şəkildə həyata keçirməyi davam etdirmək niyyətindədir ki, bu da "5+1" qrup ölkələri  (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə danışıqlarda müsbət nəticələrə nail olmaq şanslarını sıfıra endirir, - ekspertlər bu qənaətdədirlər.

Yaxın Şərqin Öyrənilməsi İnstitutunun prezidenti Yevgeni Satanovski elektron poçtla Trend-ə bildirib:"İran rəhbərliyi tam nüvə dövriyyəsinə və artıq hazır daşıyıcıların nüvə silahının əldə olunmasına doğru gedir. Bunun üçün onda artıq hazır daşıyıcılar var; digər tərəfdən, bunun mənfi nəticələrini minimuma endirmək üçün "5+1"lə danışıqlarda uğurlu manevrlər edərək vaxtı uzadır".

Bu həftənin əvvəlində İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib ki, uranın zənginləşdirilməsi üzrə İranda inşa ediləcək 10 zavodun yeri dəqiqləşdirilib və ilin sonunadək onlardan birinin tikintisinə başlanılacaq.

Bundan bir gün əvvəl isə İran Prezidenti Mahmud Əhmədinejad iyulun 18-də ölkə Parlamentinin təsdiqlədiyi - İranın nüvə proqramına dəstək haqqında qanuna uyğun olaraq, hökumətə Tehrandakı elmi-tədqiqat reaktorunu yanacaqla təmin etmək məqsədilə uranın 20 faizədək səviyyədə zənginləşdirilməsi üzrə işlərin davam etdirilməsi barədə göstəriş verib.

Satanovski hesab edir ki, İran siyasətində yalan və ikiüzlülük "nüvə klubu" üzvlərində özlərinin bugünkü nüvə statusunu əldə etdikləri vaxt olduğundan çox deyil.

"İran siyasətçilərinin konkret bəyanatları bir-biri ilə əlaqələndirilib və ya bu bəyanatlar vahid siyasi kursun məcrasında dayanır - bu o qədər də vacib deyil. Əhəmiyyətlisi odur ki, "5+1"in İranla hansısa razılıq əldə edəcəyinə heç bir şans yoxdur", - o deyib.

Satanovskinin sözlərinə görə, İran, eyni vaxtda, həm nüvə statusuna doğru yolda miqyaslı müstəqil fəaliyyətə hazırlıq və bacarığını, həm MAQATE üçün açıq olduğunu və həm də nüvə silahının yayılmaması haqqında müqaviləyə (NSYM) sadiqliyini nümayiş etdirir.

İran Parlamentinin qəbul etdiyi qanun layihəsində İranın beynəlxalq NSYM-yə sadiqliyi təsdiqlənir. Qanuna görə, hökumət istisnasız olaraq, müqavilə çərçivəsində MAQATE ilə əməkdaşlığa borcludur. İran NSYM-ni 1968-ci ildə imzalayıb və 1970-ci ildə ratifikasiya edib.

Nüvə məsələləri üzrə ekspert Rza Təqizadənin fikrincə, hazırda ölkədə müvafiq şərait və fəaliyyətin genişləndirilməsi üçün imkanlarının olmamasına baxmayaraq, İran uranı zənginləşdirməklə bağlı planından imtina etmək niyyətində deyil.

"İran ölkənin nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin şübhələri ilə bağlı problemə görə nəinki hazırkı vəziyyəti saxlamağa, həm də onu davam etdirməyə cəhd edir", - Qlazko Universitetinin professoru Təqizadə telefonla Trend-ə bildirib.

Buna baxmayaraq, o hesab edir ki, Salehinin bəyanatı təbliğat xarakteri daşıyır və mövcud reallığa uyğun gəlmir.

"Əgər İran, həqiqətən, uranın zənginləşdirilməsi üçün yeni 10 mərkəzin tikilməsini istəsəydi, digər layihələrdə olduğu kimi, tikintini başlayacağı tarixi və müddəti elan edərdi", - Təqizadə deyib. - "Lakin Salehi arzuolunanı həqiqət kimi qələmə verir".

İranlı ekspert əsas kimi artıq Nətənzdə fəaliyyət göstərən uranzənginləşdirən zavodun təkmilləşdirilməsində meydana çıxan uran xammalının və kifayət qədər sentrafuqun olmaması kimi ciddi problemləri göstərir.

Bundan başqa, Təqizadə güman edir ki, Rusiyanın Buşəhr AES-i istismara verməsindən və ona yanacaq satmasından sonra, İranın artıq uran zənginləşdirmək üçün bəhanəsi qalmayacaq.

Ötən həftə Rusiya nümayəndələri bildiriblər ki, İrandakı "Buşəhr" AES reaktorunun fiziki işə salınması avqustun 21-də baş tutacaq.

İranın Buşəhr şəhəri yaxınlığında tikilən Buşəhr AES İranda və bütün Yaxın Şərqdə ilk AES-dir. Buşəhr şəhərinin cənub-şərq hissəsində AES-in tikintisinə 1975-ci ildə Qərbi Almaniyanın Kraftwerk Union konserni tərəfindən başlanılıb. Lakin 1980-ci ildə tikinti AFR-in ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulması ilə əlaqədar dayandırılıb.

1992-ci il avqustun 25-də Rusiya və İran arasında AES-in tikintisinin davam etdirilməsi barədə saziş imzalanıb. 1995-ci ilin yanvarında birinci enerji blokunun tikintisinin başa çatması barədə müqavilə imzalanıb, 1998-ci ildə isə tikintinin idarə edilməsi "Atomstroyeksport"a keçib.

"Rusiya lazımi miqdarda yanacaqla təmin etməyə hazırdır, lakin əgər İran müstəqil şəkildə uranın zənginləşdirilməsində israr etsə, hərbi məqsədlər güdməkdə ittiham olunacaq", - Təqizadə deyib.

Belə olan halda, o güman edir ki, İranın vəziyyəti gərginləşəcək və çətin vəziyyətdən çıxmaq üçün Tehran öz nüvə fəaliyyətini genişləndirdiyini bəyan edəcək.

"Elə bu bəhanə ilə İran Prezidenti İranın nüvə fəaliyyətinin dinc istiqamətinin saxlanılması haqqında qanunun yerinə yetirilməsinə dair əmr imzalayıb", - Təqizadə  bildirib. - "Bu qanunu qüvvəyə mindirməklə, İran hökuməti "5+1" ölkələrinə və Vyana qrupuna danışıqların başlanmasından əvvəl İranın uranzənginləşdirmə proqramını davam etdirəcəyini anladır".

Mayın 17-də İran və Türkiyə 1 200 kq zəif zənginləşdirilmiş uranın Türkiyə ərazisində 20 faizlik yanacaqla mübadiləsi barədə bəyannamə imzalayıblar. İranın zəif zənginləşdirilmiş uranı Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında müvafiq sazişin imzalanmasından sonra bir ay müddətində Türkiyəyə göndərilə bilər.

Bazar ertəsindən əvvəl Salehi bəyan edib ki, Tehran İranın nüvə probleminin nizamlanması üzrə beynəlxalq vasitəçilərdən rəsmi cavab gözləyir.

Beynəlxalq məsələlər üzrə iranlı ekspert Həsən Behiştipurun sözlərinə görə, İran belə hərəkətlərlə ona qarşı tətbiq edilən sanksiyalardan cəza kimi istifadə edilməməli olduğunu inadla göstərməyə çalışır.

"İran danışıqlarda bərabər tərəf kimi iştirak etmək istəyir və danışıqlara təzyiq və təhdidlər altında qoşulmaq istəmir", - Behiştipur Tehrandan Trend-ə telefonla bildirib.

Yeni zavodların tikintisi ilə bağlı o bildirib ki, İran üçün bu, prinsipial məsələdir və o, prosesi dayandırmağa hazır deyil.

Satanovski hesab edir ki, İran nüvə bombasına doğru yolda bacardığı hər şeyi mümkün qədər sürətlə edəcək.

"Onu dayandırmaq yalnız miqyaslı hərbi əməliyyatla mümkündür. "Altılıq" üzvləri yavaş-yavaş İsraili ona doğru itələməklə onda iştirak etməyəcəklər", - o deyib. - "Seçim İranı nüvə dövləti kimi tanımaq, rejimi dağıtmağa və bundan irəli gələn nəticələri yaymamağa hazırlaşmaqdan ibarət olacaq".

Materialın hazırlanmasında T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti