...

Azərbaycanın Küveytlə bir çox sahələrdə münasibətləri inkişaf etdirmək üçün böyük potensialı var – səfir Tural Rzayev

Siyasət Materials 26 Avqust 2010 09:00 (UTC +04:00)
Trend-in Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevlə müsahibəsi
Azərbaycanın Küveytlə bir çox sahələrdə münasibətləri inkişaf etdirmək üçün böyük potensialı var – səfir Tural Rzayev

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir S.Ağayeva/

Trend-in Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevlə müsahibəsi

- Tural müəllim, Siz bu yaxınlarda Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri təyin edildiniz. Siz hazırda iki ölkə arasında ikitərəfli münasibətlərin vəziyyətini necə qiymətləndirirsiniz və bu ölkədə fəaliyyətinizin əsas prioritetləri hansılar olacaq?

- Mən Küveyt dövlətinin rəhbəri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha məni Küveytə gəldikdən altı gün sonra qəbul etdiyinə görə minnətdaram. Mən bunu Azərbaycana diqqət, ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyi kimi qiymətləndirirəm, çünki burada mənə deyildiyinə görə, hətta bəzi böyük dövlətlərin səfirləri Əmirin qəbuluna düşmək üçün iki-üç ay gözləməli olurlar. Azərbaycanın səfirini isə Əmir bir həftə ərzində qəbul edib.

Mən Əmirə Azərbaycan tərəfinin Küveytlə münasibətləri inkişaf etdirməkdə və dərinləşdirməkdə maraqlı olduğunu çatdırdım. Küveyt rəhbəri də öz növbəsində ölkəsinin Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu təsdiq etdi.

İki ölkə arasında ümumi çox şey var, birincisi, bizi din, ikincisi isə dövlətlərimizin regionda tutduğu mövqe birləşdirir. Küveyt də Azərbaycan kimi, öz regionunda aprıcı mövqeyə malikdir. Küveyt Körfəzin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasına sədrlik edən üzvüdür. O, zəngin təşkilat olmaqla, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Oman, Bəhreyn, Qətər kimi dövlətləri birləşdirir. Küveyt ilin sonunadək Şuraya sədrlik edəcək. Biz əlbəttə ki, ərəb dünyasında çəkisi və sözü olan çox güclü dövlətlərin daxil olduğu bu təşkilatla münasibətlərin qurulmasında maraqlıyıq.

Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə siyasi münasibətlər çox yüksək səviyyədə inkişaf edir. Buna Azərbaycanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dəstəkləyən Küveyt tərəfinin bəyanatları sübutdur. Küveytin bu məsələdə mövqeyi birmənalıdır - ölkə Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına tərəfdardır.

Biz bir-birimizi BMT və İKT kimi təşkilatlarda da dəstəkləyirik.

- Siz ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- Siyasi münasibətləri dəstəkləməklə yanaşı, qarşımızda duran başlıca vəzifələrdən biri də iki ölkənin iqtisadi əlaqələrinin dərinləşdirilməsidir.

Bizim Küveyt tərəfi ilə artıq iqtisadi münasibətlərimiz qurulub, Küveytin iş adamları dəfələrlə Azərbaycana gəliblər.

Küvetdə çox da böyük olmayan Azərbaycanın biznesmenlərindən ibarət qrup işləyir. Biz öz tərəfimizdən iki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişafı üçün əlimizdən gələni edəcəyik.

İqtisadi əlaqələrin genişləndirilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədilə hazırda iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində hüquqi bazanın genişləndirilməsi üzrə fəal iş aparılır.

Təhsil, mədəniyyət kimi sahələrdə bəzi sazişlər hazırlanır və ümumilikdə işin həcmi kifayət qədər böyükdür.

- Fikrinizcə, iki ölkənin siyasi sahədə əməkdaşlığının inkişaf etdirilməsi üçün, xüsusilə də Azərbaycana İslam Konfransı Təşkilatı çərçivəsində ölkənin başlıca problemi - Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək göstərilməsi üzrə əlverişli şərait varmı?

- Küveyt Azərbaycan ilə münasibəti ərzində bu məsələdə bizim ədalətli mövqeyimizi həmişə dəstəkləyib. Mən Küveyt Əmiri ilə görüş zamanı göstərilən dəstəyə görə Azərbaycan tərəfinin minnətdarlığını bildirdim. Küveyt də beynəlxalq arenada belə fikirdədir və Azərbaycanın mövqeyini həm BMT-də, həm də İKT-də dəstəkləyir.

Küveyt özü də yaxın keçmişdə işğalın qurbanı olub, burada qaçqınların problemlərindən xəbərdardırlar. Onlara bizim iztirabımız və onların dəstəklədikləri Azərbaycanın mövqeyi aydındır.

- Siz Küveyt Əmirinə öz etimadnamənizi təqdim edən zaman dövlət rəhbəri Prezident İlham Əliyevin dəvəti ilə rəsmi səfər etmək niyyətində olduğunu bildirib. Bu məsələ hazırda hansı mərhələdədir, Əmirin səfərinin ilkin müddəti məlumdurmu?

- Söhbətimiz zamanı Əmir Azərbaycana səfər etmək istədiyini bildirib. O, bunları deyib: "Mənim sizin ölkənizə çox rəğbətim var və Azərbaycana gəlmək istəyirəm". Ümid edirəm biz bu yüksək səfəri həyata keçirə biləcəyik.

Biz Küveytin digər yüksəkvəzifəli şəxslərinin də Azərbaycana səfərini təşkil etməyi planlaşdırmışıq.

Dünya böhranından ziyan çəkən əksər ölkələr iqtisadiyyatında böhranı o qədər də hiss etməyən dövlətlərlə iqtisadi münasibətlərin qurulmasında maraqlıdırlar və onlara "xilasedici dairə" kimi can atırlar. Küveyt əksər güclü ölkələr üçün çətin olan bir zamanda öz iqtisadi qüdrətini qoruyub saxlaya bilən ölkələrdəndir.

Və indi əksər dövlət və hökumət rəhbərləri Küveytə səfərlər edirlər və buna görə də ölkənin rəsmi şəxslərinin iş qrafiki kifayət qədər sıxdır. Lakin onların Azərbaycana səfər etməyə böyük istəkləri var və ümid edək ki, biz Küveytin rəsmi şəxslərinin Azərbaycana belə səfərlərini təşkil etməyə nail olacağıq.

Biz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Küveytin xarici işlər naziri şeyx Məhəmməd Sabah əs-Səlim əs-Sabahın başçılıq etdikləri əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın birinci iclasını təşkil etməyi də planlaşdırmışıq. Bu il iki ölkənin xarici işlər nazirlərinin qrafikini əlaqələndirməyə və Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Küveytə səfərini təşkil etməyə ümid edirik. Səfərin dəqiq tarixi hələ ki məlum deyil, biz bu səfəri ilin sonuna və ya gələn ilin əvvəlinə həyata keçirməyə çalışacağıq.

Ölkələrimiz arasında həm iqtisadi, həm də humanitar sahədə əməkdaşlıq üçün böyük potensial var. Küveytdə olduğum müddət ərzində bir çox naziliklərdə, ictimai və gənclər təşkilatlarında görüşlərim olub. Mən orada Azərbaycana böyük sevginin və əməkdaşlığın genişləndirilməsinə marağın olduğunu müşahidə etmişəm.

Ölkəmizdə klmuş küveytlilərin çoxu Azərbaycana məftun olublar, təbiətimiz, mədəniyyətimiz onların xoşuna gəlir. Səfirliyin planlarında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Küveytdə Azərbaycan mədəniyyəti günlərinin təşkili və bununla da küveytliləri mədəniyyətmizlə daha yaxından tanış etmək var.

Xəbər lenti

Xəbər lenti