...

Rusiya Prezidentinin səfəri yalnız bu ölkənin mövqeyinin möhkəmləndirilməsinə deyil, eləcə də Azərbaycanın maraqlarının irəliləyişinə xidmət etməlidir - politoloq

Siyasət Materials 30 Avqust 2010 16:53 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri yalnız Bakı üçün deyil, eləcə də Moskva üçün ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi planında vacibdir.
Rusiya Prezidentinin səfəri yalnız bu ölkənin mövqeyinin möhkəmləndirilməsinə deyil, eləcə də Azərbaycanın maraqlarının irəliləyişinə xidmət etməlidir - politoloq

Аzərbaycan, Bakı, 30 avqust /Trend, müxbir S.Ağayeva/

Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri yalnız Bakı üçün deyil, eləcə də Moskva üçün ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi planında vacibdir. Azərbaycanın müstəqil politoloqu Fikrət Sadıxov belə hesab edir.

Politoloq ikinci faktor kimi Azərbaycanın RF-yə və Rusiyanın Cənubi Qafqaza, xüsusilə də Azərbaycana olan qarşılıqlı maraqlarını hesab edir.

"Sirr deyil ki, Azərbaycan aparıcı regional oyunçu kimi bir çox məsələlərdə hər zaman beynəlxalq əməkdaşlıq prioritetini müəyyən edir və regionda baş verən bir sıra proseslərə təsir edir", - bazar ertəsi Trend-ə Qərb Universitetinin professoru, Trend-in Ekspertlər Şurasının üzvü Sadıxov deyib.

Rusiya Prezidenti Dmitri Medvedev sentyabrın 2-3-də Azərbaycana rəsmi səfər edəcək. Məlumatı RİA Novosti yayıb. Bu barədə bazar ertəsi Kremlin mətbuat xidmətindən məlumat veriblər.

Sadıxov deyib ki, Rusiya geosiyasi, öz maraqlarının və mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm strateji tərəfdaş olan Azərbaycanla qarşılıqlı münasibətlərin genişləndirilməsində maraqlıdır və Moskva bu məsələdə Bakıya güvənir.

"Rusiya Şimali Qafqazla bağlı çox çətin vəziyyətdədir və Cənubi Qafqaz regionunda mövqeyini möhkəmləndirəcək üçün əlavə vasitə və alətlərə ehtiyacı var. Onun üçün bu maraqları gerçəkləşdirə biləcək tərəfdaşlar vacibdir və Rusiya Azərbaycanın simasında digər qonşu ölkələrdən fərqli olaraq antirusiya siyasəti aparmayan, Rusiya maraqlarının əleyhinə olmayan dost ölkəni görür. Və əlbəttə ki, bu aspektdən Rusiyanın maraqları bizə aydındır", - Sadıxov bildirib.

Politoloq həmçinin hesab edir ki, Azərbaycan bu şəraitdə əlindən gələni etməlidir ki, Rusiya regionda öz maraqlarını irəli sürmək, Azərbaycanda mövqeyini möhkəmləndirmək üçün ATƏT-in Minsk qrupunun həmsədri, regionda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında həlledici rol oynaya biləcək aparıcı ölkə kimi qəti sözünü deməli, Gümrüdə hərbi baza haqqında müqavilənin müddətini uzadaraq əlavə razılıq əldə etdiyi müttəfiqi - Ermənistana lazımi təzyiq və təsir göstərməli olduğunu anlasın.

RF və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə düzəlişlər edilməsi barədə protokol imzalayıblar. Düzəlişlər Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. RİA-Novosti agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasında danışıqların yekununda baş tutub. 1995-ci il müqaviləsinin müddəti əvvəl 25 il idi, indi isə 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən başlayaraq).

"Biz Rusiyanın strateji maraqlarına anlayışla yanaşmağa hazırıq, lakin bunun qarşılığını da görməliyik. Biz Rusiyanın münaqişə tərəflərinə bərabər mövqe tutmayaraq, fəal şəkildə prosesə müdaxilə etməsini, təsir göstərməsini görməliyik", - Sadıxov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Burada Rusiya rəhbərliyinin Azərbaycana simpatiyası deyil, Ermənistanı ittiham edərək ondan işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmağı tələb edən qəbul olunmuş kütləvi qətnamə və qərarlar çərçivəsində beynəlxalq hüquq prinsipləri əsasında obyektiv və ədalətli yanaşması vacibdir. Bu mənada Rusiya qəti sözünü deməlidir", - politoloq vurğulayıb.

Xəbər lenti

Xəbər lenti