Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda "Müxalifət haqqında" qanunun qəbul olunması zərurəti barədə siyasi partiyalar fərqli düşünür.
"Bir neçə ölkədə müxalifət haqqında qanun var, amma ümumiyyətlə, dünya ölkələrində ona xüsusi hüquqi status verilməsi praktikası yoxdur". Bu barədə çərşənbə günü Trend-ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.
Mirzəzadə deyib ki, siyasi münasibətləri bütün ölkələrdə konstitusiya və ondan irəli gələn qanunlar tənzimləyir.
"Ona görə də xüsusi olaraq hakim partiya və ya müxalif partiya haqqında qanunların yaradılması düzgün deyil", - Mirzəzadə əlavə edib.
Onun sözlərinə görə, müxalifət haqqında qanun siyasi münasibətlərin inkişaf etmədiyi ölkələrdə qəbul olunur.
"Azərbaycan müstəqilliyini qazanandan bu dövrə qədər müxalif qüvvələr mövcud olub. Onların müəyyən praktikası yaranıb. Bütün siyasi qüvvələrdə olduğu kimi, onlar üçün də müvafiq hüquq və vəzifələr var. Bu gün, ümumilikdə, bütün siyasi qüvvələr üçün ümumi hüquqlar və vəzifələr var. Ondan irəli gələrək bu məsələləri idarə edə bilərlər", - Mirzəzadə deyib.
Azərbaycanın müxalif partiyaları ölkədə siyasi münasibətlərin tənzimlənməsi məqsədilə müxalifətçilik haqqında qanun qəbul olunmasını təklif edirlər.
Müxalif Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı Trend-ə açıqlamasında isə müxalifətin ölkənin siyasi həyatına inteqrasiyası baxımından, bu cür qanunun qəbul olunmasını vacib sayır.
"Bir çox demokratik ölkələrdə belə qanun mövcuddur. Çünki ölkədə yalnız hakimiyyət partiyası yox, müxalifət partiyaları da siyasi sistemin tərkib hissələridir. Müxalifət haqqında qanunun qəbul edilməsi müxalifətin fəaliyyətinin tənzimlənməsi və müxalifətin siyasi sistemə inteqrasiyası üçün də vacib amillərdən ola bilər", - Hacılı vurğulayıb.
Müsavat funksioneri deyib ki, bu cür qanun postsovet ölkələrində mövcuddur.
"Ukrayna, Gürcüstan və Qırğızıstanda belə qanun mövcuddur. Bir sıra Avropa ölkələrində bütövlükdə siyasi partiyalar və müxalifət haqqında qanun var", - Hacılı deyib.
Azərbaycan Xalq Partiyasının lideri, "Müsavat" deputat qrupunun üzvü, deputat Pənah Hüseyn də hesab edir ki, belə bir qanunun qəbul olunmasına ehtiyac var.
Hüseyn çərşənbə günü Trend-ə açıqlamasında bildirib ki, o, bu qanun layihəsini artıq hazırlayıb.
"Qanun layihəsində müxalifətin dövlətin həyatındakı rolu, protokol qaydaları, beynəlxalq təşkilatlarda müxalifət təmsilçiliyi, məruzələrin və alternativ çıxışların edilməsində müxalifətin hüquqları və digər məsələlər əks olunub", - Hüseyn bildirib.