...

İsrail hələlik İranla müharibə istəmir – Knessetin deputatı

Siyasət Materials 7 Sentyabr 2010 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Ü.Sadıxova/

Hazırkı məqamda İsrail hökuməti şimal və cənub cəbhələrində hərbi əməliyyatların başlamasında maraqlı deyil. Knessetdə "Milli Demokratik İttifaq" ərəb blokundan olan deputat Hənin Zəəbi belə hesab edir.

"İsrailin cənub və şimal cəbhələrində - İran və Livana qarşı müharibə elan etməsi mümkün görünmür", - İsrailin İran və ərəb ölkələri ilə yeni regional müharibəyə başlaması imkanlarını şərh edən Zəəbi Trend-ə bildirib.

İsrailli deputat hesab edir ki, İsrail Livanla sərhəddə yeni müharibədən qaçmağa hər cür cəhd göstərir. Hətta sərhəddə Livan və İsrail orduları arasında baş vermiş və üç Livan əsgərinin və bir İsrail zabitinin ölümü ilə nəticələnən qanlı toqquşmalara baxmayaraq, İsrail 2006-cı ildəki ikinci Livan müharibəsinin ssenarisinin təkrar olunmasını istəməzdi.

Zəəbi hesab edir ki, ölkə eyni zamanda İranın nüvə proqramı ətrafında problemin də hələlik hərbi yolla həllinə can atmır.

"İsrail hələlik İrana qarşı alternativ təzyiq vasitələrindən - siyasi və iqtisadi təzyiqlərdən istifadə edir və bu ölçüləri daha effektiv hesab edir", - deputat deyib.

İran Prezidenti Mahmud Əhmədinejad Qətərdəki sonuncu mətbuat konfransında ABŞ və İsrailin Tehrana qarşı müharibəyə başlamayacaqlarına əminliyini ifadə edib və İrana təzyiqləri psixoloji hücum adlandırıb.

İsrail və ABŞ tərəfindən İrana qarşı mümkün hücumların müxtəlif ssenarisi ilə bağlı yazılar daim dünya mətbuatında çar olunur. Bu yaxınlarda ABŞ-ın "Atlantiks" jurnalında dərc olunan məqalədə müəllif İsrailin İranın nüvə obyektlərinə 50 faiz hücum ehtimalının olduğunu iddia edir.

İsrail və Qərb ölkələri yaxın illərdə nüvə silahı əldə edə biləcək İranın həmin silahdan İsrailə qarşı istifadə edə biləcəyindən ehtiyatlanır. Bununla əlaqədar, İsrail tərəfdən ölkənin Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücumu barədə təhdidlər artır.

Lakin Zəəbi hesab edir ki, İsrail İrana qarşı iqtisadi və siyasi sanksiyaların sərtləşdirilməsi istiqamətində işləri davam etdirəcək.

İyunda BMT TŞ İrana qarşı onun ölkədə uranın zənginləşdirilməsi üzrə işləri dayandırmaqdan imtina etməsi ilə əlaqədar yeni iqtisadi sanksiyalar tətbiq edən altıncı qətnaməni qəbul edib.

İsrailli deputat bu sanksiyaları İran cəmiyyətində sabitliyin pozulmasına doğru birbaşa yol hesab edir. "Gec və ya tez bu sanksiyalar İran cəmiyyətinin daxilində parçalanmaya gətirib çıxaracaq ki, bu da İranı daxildən zəiflədəcək", - Zəəbi hesab edir.

Lakin, onun sözlərinə görə, bu, mümkün regional müharibəyə hazır olmaq üçün silahlanmağı davam etdirən İsrailin sayıqlığını azaltmayacaq. Gələcəkdə İsrail silah alışı həcmlərini artıracaq ki, bu da onu getdikcə daha çox hərbiləşmiş dövlətə çevirəcək.

Xəbər lenti

Xəbər lenti