Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/
Böyük Britaniyanın aparıcı "Wood Group" şirkəti Naxçıvan Muxtar Respublikasını Ermənistanın ərazisi kimi göstərdiyi səhvi düzəldib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən daxil olmuş məlumata əsasən, Britaniyanın aparıcı şirkətlərindən biri olan "Wood Group" şirkətinin rəsmi internet səhifəsində Azərbaycan Respublikasının xəritəsi təhrif olunaraq Naxçıvan Muxtar Respublikası Ermənistanın Respublikasının ərazisi kimi göstərilib.
Məsələ ilə əlaqədar dərhal səfirlik tərəfindən "Wood Group" şirkətinin icraçı direktoru Allister Laqlandın ünvanına etiraz məktubu göndərilib. "Wood Group" şirkəti öz növbəsində məktubu cavablandıraraq internet səhifəsində yer almış səhvlə bağlı üzrxahlıqlarını dilə gətirib və müvafiq düzəlişlər etdiklərini bildiriblər.