Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda "Mədəniyyət haqqında" yeni qanunun hazırlanmasına ehtiyac var. Bunu Milli Məclisin Mədəniyyət komitəsinin cümə günü keçirilən iclasında komitə sədri Nizami Cəfərov deyib.
"Azərbaycanda bu sahədə mövcud qanun on ildən çoxdur qəbul olunub və hazırda qanunda olan bəzi məsələlər günün tələblərinə cavab vermir", - Cəfərov bildirib.
Onun sözlərinə görə, yeni qanun mükəmməl olarsa, bu sahədə digər qanunların qəbul olunmasına ehtiyac qalmayacaq.
Komitə sədri bildirib ki, yeni qanuna prodüser anlayışı, yaradıcı şəxslərlə bağlı müəyyən müddəalar əlavə olunmalıdır.
Mədəniyyət komitəsinin iclasında, həmçinin, "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi müzakirə olunub.
Xüsusilə də qanunda mövcud olan "plagiatlıq" termininin çıxarılması müzakirə olunur.
"Müəllif hüquqlarının qorunması haqqında qanun istənilən plagiatlığın qarşısını aldığından, ayrıca bu terminin qanunda qalmasına ehtiyac yoxdur", - komitə üzvü Rafael Hüseynov iclas zamanı bildirib.
Millət vəkili Jalə Əliyeva iclasda "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında" qanuna internet məkanda və virtual şəbəkədə müəllif hüquqlarının qorunmasını nəzərdə tutan əlavənin olunmasını təklif edib.