Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov ABŞ-ın aparıcı analitik mərkəzlərindən olan "Stratfor"un (Stratfor Global Intelligence) dəvəti ilə mərkəz əməkdaşlarının iştirak etdiyi seminarda çıxış edib. Bu barədə Baş Kosulluğun məlumatında deyilir.
Seminar zamanı Azərbaycanın xarici siyasəti, regionda hadisələrin və Amerika-Azərbaycan münasibətlərinin inkişafı, enerji təhlükəsizliyi məsələləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma perspektivləri müzakirə edilib.
"Stratfor"un rəhbəri, məşhur ekspert və çoxsaylı nəşrlərin müəllifi Corc Fridman bu yaxınlarda Azərbaycana etdiyi səfər haqqında öz təəssüratlarını bölüşüb. O, ölkədə keçirilən görüşləri, ələlxüsus, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ekspertləri ilə aparılan görüşləri yüksək qiymətləndirib.
"Stratfor" mərkəzinin mənzil-qərargahı Texas ştatının Ostin şəhərində yerləşir.