...

Azərbaycanda gəncləri səsverməyə hazırlamaq məqsədi ilə kitab nəşr olunub

Siyasət Materials 1 Oktyabr 2010 12:34 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN) 7 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə ilk dəfə səs verən gənclər üçün yaddaş kitabçası hazırlayıb.
Azərbaycanda gəncləri səsverməyə hazırlamaq məqsədi ilə kitab nəşr olunub

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN) 7 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə ilk dəfə səs verən gənclər üçün yaddaş kitabçası hazırlayıb. Bu barədə cümə günü Trend-ə GİN-in mətbuat xidmətindən məlumat veriblər.

"Milli Məclis - Qanunverici Orqan" adlı yaddaş kitabçasında Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Parlamenti, Azərbaycan parlamentarizminin tarixi, onun formalaşma dövrü, fəaliyyəti, beynəlxalq əlaqələri, Milli Məclisin iş prinsipi, Azərbaycan Respublikası Konstitusiyasından və Seçki Məcəlləsindən çixarışlar öz əksini tapıb.

Məlumatda o da qeyd olunur ki, ilk dəfə səs verəcək gənclər üçün məlumat seminarlarının keçirilməsinə də start verilib. Gənclər üçün Gənclər və İdman Nazirliyi tərəfindən 29 sentyabr tarixindən məlumat seminarlarının keçirilməsinə başlanılıb. Seminarlar 27 oktyabr tarixinədək davam edəcək.

Seminarların keçirilməsində əsas məqsəd indiyədək Qanunverici Orqan - Milli Məclisə keçirilmiş seçkilər, seçkilərin keçirilməsinin qanunvericilik əsasları və seçki günü səsvermə proseduru haqqında gəncləri məlumatlandırmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.

50-dən artıq rayonda keçiriləcək maarifləndirici seminarlar 10 000-ə yaxın gənci əhatə edəcək.

Keçiriləcək seminarlarda Mərkəzi Seçki Komissiyasının və rayon (şəhər) dairə seçki komissiyalarının nümayəndələri, o cümlədən, Gənclər və İdman Nazirliyinin nümayəndələri, fəal gənclər və tanınmış ziyalı şəxslər iştirak edəcəklər.

Seminarların sonunda nazirlik tərəfindən ilk dəfə səs verəcək gənclər üçün nəşr edilmiş yaddaş kitabçaları və müxtəlif maarifləndirici çap məhsulları paylanacaq. Bundan başqa, seminarlarda seçki gününə kimi 18 yaşı tamam olmuş gənclərə polis idarəsi əməkdaşlarının iştirakı ilə şəxsiyyət vəsiqələri təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti