Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Т. Konyayeva/
Misir ilə İran arasında əlaqələrin bərpasına mane olan bir neçə ciddi səbəb var, ona görə də yaxın günlərdə iki ölkə arasında münasibətlərin yaxşılaşacağını gözləməyə dəyməz, - ekspertlər hesab edir.
"İki ölkənin maraqlarında ciddi ziddiyyətlər olub", - bu barədə Trend-ə elektron-poçtla Makgill Universitetinin antropologiya üzrə professoru, Demokratiyanın Müdafiəsi Fondunun elmi əməkdaşı Filip Karl Zalçman deyib. - "Ərəb-fars və sünni-şiə fərqini nəzərə almasaq, Misir ilə İran arasında yaxşı münasibətlərin bərpası üçün bi sıra maneələr var".
1979-cu ildə diplomatik münasibətləri pozan Misir və İran yaxın günlərdə ikitərəfli müntəzəm aviasiya əlaqələrini bərpa etmək niyyətindədir. Bazar günü iki ölkənin mülki aviasiya təşkilatının rəhbərləri müvafiq razılaşma imzalayıblar. Bu, 1976-cı ildə imzalanmış analoji sazişi əvəz edəcək.
Misirin "Smart" aviaşirkətinin ilk təyyarəsi çərşənbə günü 30 ildən çox bir müddətdən sonra, Tehran Beynəlxalq Hava Limanına edib. Lakin rəsmi Tehran bəyan edib ki, hələlik Misirlə diplomatik əlaqələrin bərpası haqqında fikirləşmir.
Zalçmanın sözlərinə görə, "Misir uzun müddət Yaxın Şərqdə regional lider hesab olunub, lakin indi İran bu ada sahib olmaq istəyir, Misir isə bununla razılaşa bilmir".
Digər maneə kimi o, İranın Misirə, qonşu ölkələrə fəal müdaxiləsini göstərib. "Qəzza Misir üçün problemdir (həm də İsrail üçün), İran isə vəziyyəti daha da dərinləşdirir", - Zalçman deyib. - "Bu, Misir və onun ərazisinin suverenliyinə qəsd kimi qiymətləndirilə bilər".
Bundan başqa, onun sözlərinə görə, unutmaq lazım deyil ki, İsrail Misirin qonşusudur və onlar arasında sülh bərqərar olub, İran isə İsrailə şifahi hücumlarını davam etdirir.
"Mən əminəm ki, Misir Təl-Əvivlə bağlı Tehranın susmasına üstünlük verib; belə ki, Misir İsrailə qarşı üç böyük müharibə yaşamalı olub və həmin zamanlarda İran bu müharibəyə cəlb edilməyib", - Zalçman deyib. - "Bu, İranın Misir üçün arzuolunmaz daha bir maneçiliyidir".
Misir 1956-1957-ci illərdə Süveyş müharibəsi zamanı İsrailə qarşı hərbi qarşıdurmanın, 1967-ci ildə Altıgünlük müharibənin və 1967-1970-ci illərdə baş vermiş müharibənin əsas iştirakçılarından biri olub.
1978-ci ildə Kemp-Devid sammitində (ABŞ) ilk İsrail-Misir sülh sazişi imzalanıb, 1979-cu ildə isə Vaşinqtonda prezidentlər Menahem Begin və Ənvər Sadat İsrail və Misir arasında sülh haqqında Kemp-Devid sazişi imzalayıblar.
Zalçmanın sözlərinə görə, Qahirənin mövqeyi rejimin radikal dəyişilməsi zamanı Tehranın mövqeyinə yaxın ola bilərdi.
"Hətta hökumətin radikal dəyişilməsi yenidən qiymətləndirməyə (Misir və İran arasında münasibətlər) gətirib çıxara bilər, lakin bu suala cavab vermək vacibdir: İran mövcud maneələri aradan qaldırmaq üçün stimul kimi Misir üçün faydalı nə edə bilər?".
Misirin Yaxın Şərq məsələləri üzrə siyasi icmalçısı əl-Sayed Hani hesab edir ki, Tehranda rəsmi şəxslərin Misirlə münasibətləri bərpa etməmək niyyətində olmadıqlarını bəyan etdikcə, iki ölkə arasında münasibətlər bərpa oluna bilməz.
"Belə olan halda, Qahirədən hansısa addımı gözləməyə dəyməz", - "əl-Cumuriyyə" qəzetinin baş redaktorunun müavini Xani Qahirədən telefonla Trend-ə bildirib. - "İran Yaxın Şərqdə öz siyasətini müsbət məcraya yönəltməlidir; məsələn, Qəzzada "HƏMAS" kimi fəaliyyətləri regionda gərginliyin artırılmasına yönələn qrupların fəaliyyətini dəstəkləməkdən imtina etmək və Fars körfəzi ölkələrini, eləcə də Bəhreyn və BƏƏ-ni hədələməyi dayandırmaq lazımdır".
Onun sözlərinə görə, İranın regiondakı belə siyasi kursu fonunda Qahirə ilə Tehran arasında münasibətlərin yaxşılaşacağını gözləməyə dəyməz.
"Qahirə ilə Tehran arasında uçuşların bərpası ölkələr arasında iqtisadi, ticarət və mədəni münasibətlərin inkişafında vacib rol oynayır", - Xani deyib. - "Lakin diplomatik münasibətlərin bərpası Yaxın Şərqdə Tehranın siyasətini yaxşılaşdırmasından, regionda öz fəaliyyətini əlaqələndirməkdən və digər ölkələrlə məsləhətləşmələr aparmasından asılıdır".
Qahirə ilə Tehran arasında diplomatik münasibətlər 1979-cu il İran İslam İnqilabından və Misirin devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə siyasi sığınacaq verməsindən sonra pozulub.
Tehran, öz növbəsində, Misirlə İsrail arasında sülh müqaviləsinin imzalanmasının qəti əleyhinə idi. Tehran küçələrindən birinə sülh sazişini imzalayan MƏR-in Prezidenti Ənvər Sadatın qatili, 1982-ci ildə edam olumuş - Misir ordusunun leytenantı Xalid əl-İslambulinin adı verilib. Bu fakt indiyədək münasibətlərin bərpası yolunda ciddi maneə olaraq qalmaqdadır.
Xarici Əlaqələr üzrə Vaşinqton Şurasının elmi əməkdaşı Tomas Lippman (Thomas W. Lippman) hesab edir ki, Misirin İranla münasibətləri bərpa etmək üçün stimulu yoxdur. Çünki İran "Hizbullah" və "HƏMAS"ı dəstəkləyir, öz nüvə proqramını davam etdirir.
Yaxın Şərq üzrə iranlı ekspert Həsən Qənizadənin (Hassan Hanizadeh) fikrincə, hər iki ölkənin rəsmi şəxslərinin səfərləri onlar arasındakı münasibətləri yaxşılaşdıra bilməz, çünki Misirlə İran arasında, əvvəlki kimi, bir çox anlaşılmazlıqlar var.
"Misirin İrana qarşı müsbət və ya mənfi tərəfdən münasibətinin dəyişməsi ABŞ-dan asılıdır", - Qənizadə elektron-poçt vasitəsilə Trend-ə bildirib. - "Misir hökuməti keçmiş Prezident Ənvər Sadatın və indiki Prezident Hüsni Mübarəkin dövründə də və indi də region və dünya ölkələrinin təsiri altında olub və olaraq qalır".
Onun sözlərinə görə, Misirə İranla münasibətlərindəki böhran sərfəlidir, çünki o, həmişə İranı həm regionda, həm də dünyada özünün rəqibi hesab edib.
Bundan başqa, Misir İsrailin sərhədlərini müdafiə edir və Fələstinin təhlükəsizliyini təmin edir, bunun üçün ABŞ və Qərb ölkələri ona iqtisadi və təhlükəsizliyinin təmin olunması üçün əhəmiyyətli yardım göstərirlər. Bu yardımı aldıqdan sonra, hətta istəsə də İranla münasibətləri yaxşılaşdıra bilməz", - Qənizadə deyib.
"Digər tərəfdən, İranla münasibətlərin yaxşılaşdırılması məsələsində siyasi qüvvələrlə təhlükəsizlik qüvvələri arasında ziddiyyətlər mövcuddur", - iranlı ekspert belə hesab edir.
"Misir siyasətçiləri İranın İslam dünyasında və regiondakı rolunu dərk edərək, onunla siyasi əlaqələrin yoluna qoyulmasında maraqlıdırlar", - Qənizadə bildirir. - "Lakin təhlükəsizlik qüvvələrinin rəhbərliyi hesab edir ki, İranla münasibətlərin bərpası Misirin milli təhlükəsizliyinə ziyan vura bilər".
Onun fikrincə, İranla Misir arasında fikir ayrılıqlarının aradan qaldırılmasına müsbət təsir edəcək Qahirə ilə Tehran arasında uçuşların bərpa olunmasına baxmayaraq, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün uzun yol qət etmək lazımdır.
Materialın hazırlanmasında Ü.Sadıqova, T.Cəfərov iştirak ediblər.