...

NATO-nun xüsusi nümayəndəsi Özbəkistanın Əfqanıstan nizamlanması üzrə səylərini yüksək qiymətləndirib

Siyasət Materials 15 Oktyabr 2010 14:46 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 15 oktyabr /Trend, müxbir D.Əzizov/

NATO-nun Mərkəzi Asiya ölkələri və Qafqaz üzrə baş katibinin xüsusi nümayəndəsi Robert Simmons 12-13 oktyabrda Daşkəndə səfəri çərçivəsində Özbəkistanın Xarici İşlər və Müdafiə nazirliklərinin nümayəndələri ilə görüşüb.

"Tərəflər mövcud vəziyyət, Özbəkistan və NATO arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin, "Etimad Fondu", "Sülh və təhlükəsizlik naminə elm" proqramı çərçivəsində yeni birgə layihələrin gerçəkləşməsinə baxılıb", - məlumatda deyilir.

Danışıqlar zamanı qarşılıqlı maraq doğuran beynəlxalq və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Xüsusilə də Əfqanıstanda sülh və sabitlik məsələləri, bu mövzuda əməkdaşlıq yolları, Qırğızıstanda vəziyyət müzakirə edilib.

Simmons Özbəkistanın Əfqanıstan nizamlaması üzrə təşəbbüslərini və bu ölkənin sosial-iqtisadi inkişafını yüksək qiymətləndirib.

Danışıqlar zamanı, həmçinin, terrorçuluq, ekstremizm və s. ilə mübarizə məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Özbəkistana səfəri çərçivəsində Simmons "Melanc" raket yanacağı komponentlərinin utilizasiyası üzrə layihənin bağlanış mərasimində iştirak edib. Özbəkistanda "Melanc" raket yanacağı komponentlərinin utilizasiyası üzrə layihənin texniki təminatı və təchizatı barədə Özbəkistan ilə NATO arasında razılaşma 2008-ci ilin noyabr ayında imzalanıb.

Layihə 2010-cu ilin iyulunda başa çatıb.

Özbəkistan NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına 1994-cü ilin 13 iyulunda qoşulub. 1996-cı ildən Özbəkistan elm sahəsində əməkdaşlıq, hərbi kadrların təlimini özündə birləşdirən əsas prioritet istiqamətlər üzrə hər il keçirilən fərdi tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə qarşılıqlı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti