...

Rumıniyada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

Siyasət Materials 27 Oktyabr 2010 14:39 (UTC +04:00)
Rumıniyada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı beynəlxalq konfrans keçirilib.
Rumıniyada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir M.Əliyev/

Rumıniyada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı beynəlxalq konfrans keçirilib. Azərbaycanın Rumıniyadakı səfirliyinin çərşənbə günü yaydığı məlumata görə, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir Buxarest şəhərində təşkil olunub.

Tədbir dörd paneldən ibarət olub: "Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunması: Çağırışlar, siyasətlər və gələcək öhdəliklər", "Avropa bazarlarına enerji resurslarının daşınmasında əsas iştirakçı və vasitəçilərin rolunun yenidən araşdırılması", "Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunmasında Azərbaycan etimadlı və strateji tərəfdaş kimi", "Qloballaşma dövründə Qara dəniz və Xəzər dənizi regionlarında əməkdaşlıq. Milli perspektivlər".

Konfransda Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyinin dövlət katibi, enerji təhlükəsizliyi məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfir, Rumıniyanın digər yüksək səviyyəli rəsmiləri, 32 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, Qara dəniz-Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun rəhbərliyi, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin direktor müavini, Münaqişələrin qarşısının alınması və erkən məlumatlandırma Mərkəzinin direktoru, "Nabukko Beynəlxalq Qaz boru kəməri Konsorsiumu"nun ictimai işlər departamentinin direktoru, Risk, təhlükəsizlik və kommunikasiyanın idarə olunması üzrə Avropa İnstitutunun icraçı direktoru iştirak və çıxış ediblər.

Tədbirdə, həmçinin, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin IV Ərazi şöbəsinin müdiri, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının prezidenti, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin direktor müavini Elman Nəsirov və mərkəzin tədqiqatçıları çıxış ediblər.

Çıxış edənlərr Şimal-Cənub və Şərq-Qərb nəqliyyat və enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın geostrateji mövqeyi, ölkənin enerji və infrastruktur şəbəkəsinə çevrilməsi, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətinin, neft strategiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanda son texnologiyaya əsaslanan müasir infrastrukturun yaradılması, Azərbaycanın təsdiq olunmuş və potensial enerji ehtiyatları barədə ətraflı məlumat verilib. Şaxələndirilmiş neft və qaz marşrutları sayəsində Azərbaycanın enerji resurslarının Avropa bazarları ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İrana ixrac edildiyi, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri, NABUCCO, ITGI, AGRI layihələrinin əhəmiyyəti və onların həyata keçirilməsində Azərbaycanın rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycanın enerji siyasətinin bir sıra region ölkələrinə örnək göstərilib, Azərbaycan dövlətinin enerji ehtiyatlarından heç vaxt siyasi vasitə kimi istifadə etməməsi vurğulanıb, regionda mövcud olan münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunun Avropanın gələcək sabit enerji təchizatı və təhlükəsizliyi üçün real təhdid və təhlükə olması xüsusilə qeyd edilib.

Konfransda Rumıniyada təmsil olunan enerji şirkətlərinin, qeyri-hökumət təşkilatları, müxtəlif elmi təhlil və strateji araşdırma mərkəzlərinin, institutların nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak ediblər.

Həmin gün, həmçinin, Rumıniya Prezidenti Administrasiyasında Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın tədbir iştirakçıları ilə görüşü keçirilib. Görüşdə iki strateji tərəfdaş ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin hazırkı inkişaf səviyyəsi və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb, keçirilmiş beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub.

Xəbər lenti

Xəbər lenti