Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda Parlament seçkiləri öncəsi KİV-in yol verdiyi qanun pozuntuları, "qara piar" faktları kifayət qədər azdır, - bunu Trend-ə cümə axşamı Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.
"Hər seçki öncəsi monitorinqlər aparırıq və builki monitorinqin nəticələri göstərir ki, əvvəlki illərdəki qanun pozuntuları artıq təkrarlanmır", - Amaşov bildirib.
Onun sözlərinə görə, Mətbuat Şurası KİV-in həftəlik monitorinqini aparır. Monitorinqin məqsədi mətbuatın seçkilərin işıqlandırılmasında rolundan ibarətdir.
"Monitorinq KİV-də seçki ilə bağlı gedən materialların sayı, kvadratsantimetrlə sahəsi, janrı, materialda balans prinsipinin qorunması, peşə-davranış qaydaları prinsiplərinin nə dərəcədə qorunmasını əhatə edir", - Şura sədri bildirib.
Amaşov pozuntuların sayı barədə məlumat verməyib.
Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.
Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.