...

Tacikistanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycanda təlim keçəcəklər - ANAMA-nın sədri

Siyasət Materials 11 Noyabr 2010 12:59 (UTC +04:00)
Tacikistanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycanda təlim keçəcəklər.
Tacikistanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycanda təlim keçəcəklər - ANAMA-nın sədri

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir T.Hacıyev/

Tacikistanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycanda təlim keçəcəklər. Bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov bildirib.

"Tacikistan FHN-in nümayəndələri ərazilərin minalardan təmizlənməsi üzrə ANAMA-nın təcrübəsini öyrənmək üçün Azərbaycana gələcəklər", - İsmayılov deyib.

İsmayılov həmçinin qeyd edib ki, Gürcüstanda da ərzilərin minalardan təmizlənməsi üzrə qurum yaradılması planlaşdırılır.

"Gürcüstanda belə bir təcrübə olmadığına görə yaradılacaq quruma təlimlər keçirilməsi üçün tender elan olunub. Dünyanın müxtəlif ölkələrindən olan şirkətlərin iştirak etdiyi tenderə biz də qoşulmuşuq. 70 faiz ehtimal var ki, tenderi məhz biz qazanacağıq. Tenderi qazanacağımz təqdirdə Gürcüstandan 66 nəfər Azərbaycanda təlimlər keçməyə gələcəklər və onlara Göy-göl təlim bazasında müvafiq kurslar keçiriləcək", - İsmayılov əlavə edib.

ANAMA sədri agentliyin Əfqanıstandakı fəaliyyətindən də söz açıb. O bildirib ki, Əfqanıstan mina təhlükəsinin ən çox yayıldığı sahələrdəndir.

"İl ərzində həmin ölkədə mina əməliyyatlarına 100-150 milyon dollar xərclənir. Azərbaycan da bu sahədə Əfqanıstan hökumətinə yardım göstərir. Azərbaycan mina maarifləndirməsi sahəsində də bu ölkəyə yardım göstərir. ANAMA ilə Azərbaycan Təhsil Nazirliyinin birgə hazırladığı kitablar tərcümə olunub və 10 min nüsxə bu ölkəyə göndərilib. Əfqanıstan hökuməti bizə müraciətində daha 20 min nüsxə istədiklərini deyib. Biz də bu barədə Azərbaycan hökumətinə məlumat verəcəyik və ümid edirik ki, müsbət cavab alacağıq", - İsmayılov qeyd edib.

Xəbər lenti

Xəbər lenti